logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vətən müharibəsi iştirakçısından, Astara, Azərbaycan

Text size icon-size icon-size

30 iyun 2026, 16:41

Möhtərəm cənab Prezident!

Sizə ən səmimi salamlarımı, dərin hörmət və ehtiramımı çatdırıram.

İlk növbədə, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycan Respublikasını dünyada söz sahibi olan, güclü, qüdrətli və qalib dövlətə çevirdiyinizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Bu gün ölkəmizin qazandığı bütün uğurlar, beynəlxalq nüfuzunun durmadan artması, Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində atılan qətiyyətli addımlar Sizin uzaqgörən və müdrik dövlətçilik siyasətinizin nəticəsidir.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri çərçivəsində keçirilən görüşləri böyük sevinc və qürur hissi ilə izlədim. Sizin qardaş ölkənin Prezidenti ilə birlikdə Füzuli şəhərində aparılan genişmiqyaslı yenidənqurma işləri ilə tanış olmağınız, Şuşa şəhərinə səfər etməyiniz, Cıdır düzünü ziyarət etməyiniz, Şuşanın tarixi və mədəni abidələri, aparılan bərpa və quruculuq işləri ilə tanış olmağınız, həmçinin Qarabağın dirçəlişini qonağa nümayiş etdirməyiniz hər bir azərbaycanlı kimi məni də sonsuz qürurlandırdı. Qardaş ölkənin Prezidentinə Azərbaycanın milli sərvəti, igidlik və sədaqət rəmzi olan "Mərd" adlı Qarabağ atını hədiyyə etməyiniz, eyni zamanda Azərbaycan gəmiqayırma sənayesinin uğurlarından biri olan "Dostluq" neft tankerinin qardaş Türkmənistana təqdim olunması təkcə iki dövlət arasında dostluğun deyil, bütün Türk dünyasının birliyinin və həmrəyliyinin parlaq nümunəsi oldu.

Qarabağın azad olunmuş torpaqlarında həyata keçirilən möhtəşəm quruculuq işlərinin qardaş ölkə Prezidentinə nümayiş etdirilməsi, Füzuli və Şuşada görülən işlərin yüksək səviyyədə təqdim olunması göstərdi ki, Azərbaycan qalib dövlət kimi bu torpaqları daha da abadlaşdırır və dünyaya öz gücünü nümayiş etdirir. Bu mənzərəni izləmək mənim kimi Vətən uğrunda döyüşmüş bir insan üçün sonsuz qürur və sevinc mənbəyi oldu. Bu möhtəşəm addımlar bir daha göstərdi ki, Azərbaycan öz dostlarına və qardaşlarına hər zaman yüksək dəyər verir.

Cənab Prezident!

Mən Aprel döyüşlərinin və İVətən müharibəsinin iştirakçısı kimi daim Sizin ətrafınızda sıx birləşən milyonlarla vətəndaşdan biri olmaqdan böyük fəxr duyuram. Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə nəticələnən tarixi Zəfər xalqımızın əsrlər boyu qürur mənbəyi olacaqdır. Bu möhtəşəm Zəfərin memarı kimi adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır.

Mən və ailəm Sizin xalqımız və dövlətimiz naminə gördüyünüz bütün işləri yüksək qiymətləndirir, hər zaman dualarımızda Sizə Uca Allahdan möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və yeni-yeni uğurlar arzulayırıq.

Uca Allah Sizi və ailənizi qorusun, Azərbaycan dövlətini daim qüdrətli etsin. Qoy rəhbərliyiniz altında dövlətimiz daha böyük uğurlara imza atsın, xalqımız əmin-amanlıq, rifah və firavanlıq içində yaşasın.

Dərin hörmət və ehtiramla,

Nəsirov Elvin Eynulla oğlu

Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi