logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nahilə İskəndərovadan, Oğuz, Azərbaycan

Text size icon-size icon-size

23 iyun 2026, 18:45

Hörmətli cənab Prezident,

Sizə bu məktubu uzun illər dövlət qulluğunda çalışmış, hazırda təqaüddə olan bir vətəndaş və vətəninə sadiq bir övlad böyütmüş ana kimi böyük qürur və minnətdarlıq hissi ilə yazıram.

Dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması, onların əmək haqqlarının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı imzaladığınız 19 mart 2026-cı il tarixli Fərmanınız hər bir dövlət qulluqçusu ailəsində olduğu kimi, bizim ocağımızda da böyük sevinclə qarşılanıb. Bir təqaüdçü olaraq, pensiyaların orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilməsi və 2026-cı ilin əvvəlindən etibarən reallaşan artımlar biz yaşlı nəslin də rifahını daim diqqət mərkəzində saxladığınızı göstərir

Mənim övladım Sizin rəhbərliyiniz və "Dəmir yumruq" əməliyyatı sayəsində qazanılan tarixi Zəfərimizin, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Bu gün o, döyüş meydanındakı xidmətini mülki sahədə – dövlət qulluqçusu kimi davam etdirərək dövlətimizin tərəqqisi üçün çalışır. Sizin dövlət qulluqçuları üçün yaratdığınız bu yeni və təkmil əməkhaqqı modeli gənc mütəxəssislərin, xüsusilə də Vətən uğrunda canından keçməyə hazır olan qazilərimizin və müharibə iştirakçılarının gələcəyə daha inamla baxmasına, onların sosial qayğılardan uzaq şəkildə peşəkar fəaliyyət göstərməsinə vəsilə olur.

Eyni zamanda, mənim qardaşım Birinci Qarabağ müharibəsində Vətən yolunda şəhidlik zirvəsinə ucalıb. Otuz ilə yaxın idi ki, bizim gözümüz yolda, qulağımız səsdə idi. Sizin qətiyyətiniz sayəsində qazanılan böyük Zəfərlə qardaşımın və bütün şəhidlərimizin qisası alındı, onların da ruhu şad oldu. Bizim üçün bundan böyük təsəlli yoxdur.

Cənab Prezident, ölkəmizdə Sizin rəhbərliyinizlə həyata keçirilən bu sosial islahatlar xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bizə bəxş etdiyiniz Qələbəyə, dövlət qulluqçularına və onların ailələrinə göstərdiyiniz davamlı diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür və müstəqil Azərbaycanımızın işıqlı gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Nahilə İskəndərova,

şəhid bacısı

Azərbaycan Respublikası, Oğuz şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi