logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Leyla Əliyevadan, Tbilisi, Gürcüstan

Text size icon-size icon-size

11 iyun 2026, 18:48

Hörmətli cənab Prezident,

Gürcüstanın Tbilisi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin əməkdaşları adından Sizə dərin ehtiramımızı bildirir və Azərbaycan Respublikasının vətəndaşlarının rifahına, onların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsinə yönəlmiş təşəbbüslərinizə görə səmimi təşəkkürümüzü çatdırırıq.

2026-cı il 5–7 iyun tarixlərində Gürcüstanın Tbilisi şəhərində, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində təşkil olunan Səyyar ASAN xidmət layihəsi xaricdə yaşayan vətəndaşlarımız üçün mühüm əhəmiyyət kəsb edən, yüksək sosial dəyərə malik təşəbbüs olmuşdur. Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar xidmət avtobusu vasitəsilə yüzlərlə Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən rahat şəkildə yararlana bilmişdir.

Bu layihə təxminən 500 vətəndaşın işinin asanlaşmasına, onların vaxt və vəsait itkisinin qarşısının alınmasına imkan yaratmışdır. Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız üçün dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının parlaq nümunəsidir. Bu təşəbbüs xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin daha da möhkəmlənməsinə, dövlətə olan etimad və bağlılıqlarının güclənməsinə mühüm töhfə verir. Əminik ki, gələcəkdə digər ölkələrdə də həyata keçirilməsi nəzərdə tutulan bu layihə minlərlə həmvətənimizin dövlət xidmətlərindən operativ və rahat şəkildə faydalanmasına imkan yaradacaqdır.

Bu mühüm təşəbbüsə görə Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Əliyeva Leyla, Gürcüstanın Tbilisi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru

Gürcüstan, Tbilisi şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi