logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Altay Rüstəmovdan, Köln, Almaniya

Text size icon-size icon-size

01 iyun 2026, 16:30

Hörmətli cənab Prezident,

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək mənim üçün böyük şərəf və mühüm təcrübə oldu. Bu mötəbər tədbirin Azərbaycanda yüksək səviyyədə keçirilməsi, rekord səviyyədə beynəlxalq iştirakçı ilə yadda qalması, dövlət və hökumət başçılarının, beynəlxalq təşkilat rəhbərlərinin, alimlərin, ekspertlərin və şəhərsalma sahəsində tanınmış mütəxəssislərin Bakıda bir araya gəlməsi ölkəmizin qlobal əməkdaşlıq proseslərində artan rolunu və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri olaraq, təmsil etdiyim qurum adından WUF13 kimi qlobal əhəmiyyətli tədbirin Azərbaycanda uğurla keçirilməsinə görə Sizə dərin təşəkkürümüzü bildirir, bu cür beynəlxalq təşəbbüslərin ölkəmizdə həyata keçirilməsini yüksək qiymətləndiririk. Hesab edirik ki, belə tədbirlər Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirməklə yanaşı, xaricdə yaşayan soydaşlarımız üçün də mühüm fəaliyyət istiqaməti yaradır.

WUF13 çərçivəsində ölkəmizə göstərilən yüksək beynəlxalq maraq və Azərbaycanın qlobal dialoq məkanı kimi qəbul olunması dövlət müstəqilliyimizin möhkəm əsaslar üzərində inkişaf etdiyini bir daha göstərir. Bu gün Azərbaycan öz müstəqilliyini yalnız siyasi-hüquqi dəyər kimi deyil, həm də ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlət kimi nümayiş etdirir. Sizin rəhbərliyiniz və Ali Baş Komandanlığınızla torpaqlarımızın işğaldan azad olunması, dövlətimizin suverenliyinin bütün ərazilərimizdə bərqərar edilməsi müstəqilliyimizin real məzmununu daha da gücləndirmişdir. Bu tarixi reallıq fonunda 28 May – Müstəqillik Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırırıq.

2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu forumun ölkəmizdə keçirilməsinə xüsusi məna qazandırır. WUF13 çərçivəsində “Dünyanı yaşayışla təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu ətrafında aparılan müzakirələr göstərdi ki, təhlükəsiz, dayanıqlı, insan yönümlü və texnoloji baxımdan inkişaf etmiş şəhərlərin qurulması müasir dünyanın əsas prioritetlərindəndir.

Bu beynəlxalq tədbirdə aparılan müzakirələr Almaniya Azərbaycanlıları Alyansının Avropada yaşayan azərbaycanlı mühəndislərlə bağlı həyata keçirdiyi fəaliyyət istiqamətləri ilə də birbaşa bağlıdır. Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə artıq üçüncü ildir ki, Avropada yaşayan azərbaycanlı mühəndislərin forumları keçirilir. Bu forumların əsas məqsədi Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı mühəndisləri, alimləri, texniki sahə mütəxəssislərini və peşəkarları bir platformada bir araya gətirmək, onların arasında əlaqələri gücləndirmək və bilik-təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Bu istiqamətdə ilk forum 2024-cü ilin iyun ayında Almaniya Federativ Respublikasının Berlin şəhərində keçirilmişdir. Həmin forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş və Avropada yaşayan azərbaycanlı mühəndislərin peşəkar əməkdaşlığı üçün mühüm platforma rolunu oynamışdır. Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu 2025-ci ilin noyabr ayında Almaniyanın Köln şəhərində keçirilmişdir. Forumda “Azərbaycan və Avropa arasında süni intellekt və enerji mübadiləsinin perspektivləri” mövzusunda müzakirələr aparılmışdır.

Bu il həmin təşəbbüsün davamı olaraq 6 iyun tarixində Hamburq şəhərində Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin 3-cü Forumunun keçirilməsi planlaşdırılır. Forumun əsas mövzusu “Ağıllı şəhər texnologiyaları və prosesləri” olaraq müəyyən edilmişdir. Mövzunun seçilməsi WUF13-də müzakirə olunan şəhərsalma, rəqəmsal həllər, innovativ infrastruktur, dayanıqlı urbanizasiya və ağıllı şəhər texnologiyaları istiqamətləri ilə bağlıdır.

Hamburq forumu vasitəsilə Avropada yaşayan azərbaycanlı mühəndislərin ağıllı şəhər texnologiyaları, şəhər idarəçiliyi, enerji səmərəliliyi, rəqəmsal infrastruktur və müasir texnoloji proseslər sahəsində bilik və təcrübələrinin bir araya gətirilməsi hədəflənir. Məqsəd həm peşəkar müzakirə mühiti yaratmaq, həm də xaricdə formalaşmış azərbaycanlı mütəxəssislərin intellektual potensialını Azərbaycanla daha sıx əlaqələndirməkdir. İnanırıq ki, Avropada yaşayan azərbaycanlı mühəndislər və texniki sahə mütəxəssisləri ölkəmiz üçün dəyərli intellektual resursdur. Bu potensialın sistemli şəkildə bir araya gətirilməsi və yeni ideyaların müzakirəyə çıxarılması Azərbaycanın texnologiya, infrastruktur, şəhərsalma və innovasiya sahələrində gələcək inkişafına faydalı töhfələr verə bilər.

WUF13-də iştirak və forum çərçivəsində əldə olunan təəssüratlar bir daha göstərdi ki, diaspor təşkilatlarının fəaliyyəti yalnız mədəni və ictimai əlaqələrlə məhdudlaşmamalı, həm də peşəkar bilik, təcrübə və intellektual potensialın Vətənimizin inkişafına yönəldilməsi istiqamətində davam etdirilməlidir. Almaniya Azərbaycanlıları Alyansı olaraq bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməyi və Azərbaycanla Avropa arasında peşəkar əlaqələrin genişlənməsinə töhfə verməyi vacib hesab edirik.

WUF13 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda yüksək səviyyədə keçirilməsi münasibətilə Sizə bir daha təşəkkürümüzü bildirir, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun daha da yüksəlməsi və xalqımızın rifahı naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Altay Rüstəmov

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri

Almaniya Federativ Respublikası, Köln şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi