Gənc neftçidən, Bakı, Azərbaycan
26 may 2026, 11:23
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizə bu məktubu son dövrlərdə ölkəmizin daxili və xarici siyasətində baş verən möhtəşəm inkişaf proseslərinə, Azərbaycanın beynəlxalq arenada qazandığı tarixi uğurlara görə bir vətəndaş, gənc bir neftçi və Yeni Azərbaycan Partiyasının üzvü olaraq sonsuz qürur, dərin minnətdarlıq və hörmət hissi ilə ünvanlayıram.
Azərbaycan bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları işığında, Sizin müdrik, uzaqgörən və qətiyyətli rəhbərliyinizlə öz tarixinin ən qüdrətli, ən nüfuzlu dövrünü yaşayır. Son günlər ölkəmizdə Sizin birbaşa rəhbərliyiniz və təşəbbüsünüzlə reallaşan yüksək səviyyəli siyasi görüşlər, atılan strateji addımlar və Bakının ev sahibliyi etdiyi qlobal miqyaslı tədbirlər, xüsusilə Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi mötəbər platformalar dövlətimizin dünyadakı geosiyasi çəkisini bir daha aydın nümayiş etdirdi. Sizin yürütdüyünüz bu müstəqil və milli maraqlara əsaslanan xarici siyasət sayəsində Azərbaycan qlobal qərarverici mərkəzlərdən birinə çevrilmişdir.
Möhtərəm cənab Prezident, həyata keçirdiyiniz islahatlar ölkə gəncliyinin inkişafına misilsiz töhfələr verir. Sizin ətrafınızda sıx birləşən gənclərin dövlətçilik prinsiplərinə necə böyük sədaqətlə bağlandığını və bu tarixi tərəqqi prosesinin fəal iştirakçısına çevrildiyini qürurla müşahidə edirəm. Sizin qazandığınız tarixi Zəfərlər və dünyaya nümayiş etdirdiyiniz sarsılmaz iradə biz gəncləri hər gün daha böyük əzmlə çalışmağa və dövlətimizə xidmət etməyə ruhlandırır. Eyni zamanda, ölkəmizin qədim və strateji sahəsi olan neft sənayesində çalışan gənc bir mühəndis, bir qazmaçı kimi vurğulamaq istəyirəm ki, Sizin rəhbərliyinizlə enerji sektorunda qazanılan hər bir uğur iqtisadi müstəqilliyimizin əsas sütunudur. Ulu Öndərin neft strategiyasının Sizin tərəfinizdən müasir qlobal çağırışlara uyğun olaraq uğurla davam etdirilməsi, yeni enerji layihələri və azad edilmiş torpaqlarımızda elan etdiyiniz "yaşıl enerji" zonaları biz gənc neftçilərin qarşısında çox geniş üfüqlər açır. Güclü iradəniz biz gənclərə istehsalatda, meydanlarda tükənməz güc verir. Biz istehsalatda, quyuların qazılmasında və ən çətin meydanlarda fəaliyyət göstərərkən Sizin polad iradənizdən, sarsılmaz liderliyinizdən hər an böyük güc və cəsarət alırıq. Sizin rəhbərliyiniz bizim gələcəyə olan ən böyük inamımızdır.
Sizə Azərbaycanın parlaq gələcəyi, xalqımızın tərəqqisi naminə apardığınız bu şərəfli və tarixi fəaliyyətdə yeni-yeni zəfərlər, tükənməz enerji və möhkəm cansağlığı arzulayıram. Biz gənclər hər zaman Sizin ətrafınızda dəmir yumruq kimi birik və göstərdiyiniz hədəflərə doğru Sizinlə addımlamaqdan şərəf duyuruq.
Uğurlarınız, dövlətimizin qüdrəti və rəhbərlik etdiyiniz siyasi xətt daimi, sarsılmaz olsun!
Dərin hörmət, ehtiram və sədaqətlə,
Mikayıl Səlimov, gənc neftçi
Azərbaycan Respublikası, Bakı şəhəri.