Elçin Abdullayevdən, Pforshaym, Almaniya
25 may 2026, 19:22
Hörmətli cənab Prezident,
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bir daha Sizin uzaqgörən və uğurlu siyasətinizin beynəlxalq səviyyədə təzahürü oldu. Doğma vətənimiz Azərbaycanın belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi və forumun yüksək səviyyədə təşkili münasibətilə Sizə forumun bir iştirakçısı kimi dərin minnətdarlığımı bildirirəm.
Almaniyada yaşayan, nəqliyyat infrastrukturu və yağış sularının idarə olunması sahəsində fəaliyyət göstərən bir mütəxəssis olaraq, mən də Almaniyadan Vətənə gələrək bu Forumda iştirak etdim. WUF13-ün yüksək səviyyədə təşkili və forum çərçivəsində aparılan çıxışlar və müzakirələr beynəlxalq iştirakçılara Azərbaycanın gələcəyə baxışı, şəhərsalma və memarlıq sahəsində həyata keçirilən uğurlu layihələr barədə ətraflı məlumat verdi. Xüsusilə qeyd etmək istərdim ki, belə nüfuzlu beynəlxalq forumun məhz Azərbaycanda keçirilməsi və dünyaya mühüm mesajların Bakıdan çatdırılması Sizin beynəlxalq arenadakı siyasi nüfuzunuzun və uğurlu fəaliyyətinizin bariz göstəricisidir.
Azərbaycanımızın inkişafı naminə həyata keçirdiyiniz bütün işlərə və fəaliyyətinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Allah Sizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin.
Dərin hörmət və ehtiramla,
Elçin Abdullayev
Almaniya Federativ Respublikası, Pforshaym şəhəri.