Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən
21 may 2026, 16:36
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi bildirməkdən böyük şərəf və məmnunluq duyuram.
Müstəqillik Günü Azərbaycan xalqının milli yaddaşının ən şanlı səhifələrindən biri kimi onun azadlıq və istiqlaliyyət arzularının gerçəkləşdiyi tarixi dönüş nöqtəsidir. Bu il Müstəqillik Günü ilə müqəddəs Qurban bayramının eyni vaxta təsadüf etməsi milli azadlıq ideallarının türk xalqlarının daim uca tutduğu xeyirxahlıq, mərhəmət, birlik və həmrəylik kimi ali mənəvi dəyərlərlə vəhdətini parlaq şəkildə təcəssüm etdirərək, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinə və zəngin mənəvi irsinə sarsılmaz bağlılığını göstərir.
Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın fəal mövqeyi türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsinə, qardaşlıq ruhunun möhkəmlənməsinə qiymətli və ardıcıl töhfələr verir. Azərbaycan dövlətinin Türk Dövlətləri Parlament Assambleyasının fəaliyyətinə göstərdiyi daimi diqqət və dəstəyin təşkilatımızın inkişafında, parlamentlərarası dialoq və əməkdaşlıq platforması kimi nüfuzunun artmasında xüsusi rolunu vurğulayaraq,
Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına və Türk dünyasına davamlı sülh, rifah və tərəqqi arzulayıram.
Yüksək hörmət və ehtiramla,
Ramil Həsən
Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi