logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şəhid atasından, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

13 may 2026, 12:35

Möhtərəm cənab Prezident!

Mən, şəhid atası Ayazxan Quliyev, bir vətəndaş və şəhid valideyni olaraq, Sizin dövlətimizin qüdrətlənməsi və xalqımızın rifahı naminə apardığınız müdrik siyasəti hər zaman dəstəklədiyimi bildirmək istəyirəm. Sizin rəhbərliyiniz altında rəşadətli Ordumuzun qazandığı tarixi Zəfər bizim üçün ən böyük təsəllidir. Siz də bizim övladlarımızla bərabər, mənəvi olaraq, ön cəbhədə döyüşdünüz, hərbi-siyasi və diplomatiya sahələrində gərgin mübarizə apardınız, xalqımızı bu böyük qələbəyə çatdırdınız.

Mənim oğlum, kiçik gizir Quliyev Fərid Ayazxan oğlu Sərhəd Qoşunlarında kəşfiyyatçı kimi şərəflə xidmət edirdi. 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayan ilk gündən Sizin rəhbərliyiniz və əmrinizlə döyüşlərə qatıldı. O, Xocavənd rayonu istiqamətində gedən uğurlu əməliyyatlarda fəal iştirak edərək, torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərdi.

Təəssüf ki, Fərid oktyabrın 9-da Hadrut uğrunda gedən şiddətli döyüşlərdə düşmən gülləsinə sipər olaraq şəhidlik zirvəsinə ucaldı. Onun Vətən sevgisi Sizin tərəfinizdən yüksək qiymətləndirildi və o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olundu.

Cənab Prezident, biz, şəhid valideynləri olaraq, Sizin bizə göstərdiyiniz diqqət və qayğıdan razıyıq. Ulu Tanrı Sizi və dövlətimizi qorusun!

Dərin hörmət və ehtiramla,

Ayazxan Quliyev

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Babalı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi