logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ramiz Məlikaslanovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

12 may 2026, 15:45

Hörmətli cənab Prezident!

İnsan həyatında ona təkcə sevinc deyil, həm də dərin məmnunluq hissi bəxş edən və insanı daha böyük nailiyyətlərə ruhlandıran anlar olur.

Mənə göstərilən diqqət və adımın Azərbaycan mədəniyyət xadimlərinə verilən fərdi təqaüdə layiq görülənlər sırasında yer alması məndə məhz bu hissi, eyni zamanda qısa bir məktubda ifadə edə bilməyəcəyim minlərlə başqa duyğunu oyatdı.

İllərdir sənət adamı çalışır, yaradır və bəzən özü də fərqinə varmadan bütün həyatını musiqiyə, səhnəyə və insanların yaddaşında qalan kiçik anlara həsr edir.

Bu yaxınlara qədər mənim üçün dirijor kimi ən böyük mükafat tamaşaçıların sonsuz alqışlan və qarşıya qoyulan bütün musiqi vəzifələrini yüksək səviyyədə yerinə yetirmiş orkestr üzvlərinin qürurlu simaları idi.

Bugünkü gün isə mənə tamam fərqli bir hiss bəxş etdi: uzun illər əməyimin doğma Azərbaycanımın rəhbəri tərəfindən yüksək qiymətləndirilməsindən doğan səmimi sevinc.

Bu hiss müqayisə olunmazdır, xüsusilə də insan artıq 84 yaşında olanda. Bu hissi yaşamaq imkanı verdiyiniz üçün Sizə təşəkkür edirəm, cənab Prezident!

Sənət adamlarına və ümumilikdə mədəniyyətə göstərdiyiniz davamlı diqqət və qayğıya görə bu qərarınızı böyük hörmət və minnətdarlıq hissi ilə qəbul edirəm.

Sizə möhkəm cansağlığı, həyatda bol xoşbəxt anlar və Azərbaycanın rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Ramiz Məlikaslanov,

dirijor, Xalq artisti

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi