Qonaqkənd qəsəbə sakinlərindən, Quba, Azərbaycan
12 may 2026, 13:20
Möhtərəm cənab Prezident
Biz, Quba rayonu Qonaqkənd qəsəbə sakinləri olaraq, dövlətimizin bizə göstərdiyi sonsuz diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildirməyi özümüzə mənəvi borc bilirik.
Məlum olduğu kimi, son dövrlərdə bölgəmizdə müşahidə olunan qeyri-sabit və intensiv yağıntılar Quba rayonunun dağlıq ərazilərində, xüsusilə Qonaqkənd istiqamətində ciddi fəsadlar törətmişdir. 7 aprel 2026-cı il tarixində baş verən güclü sel və torpaq sürüşməsi nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 41-43-cü kilometrlik hissəsi tamamilə yararsız hala düşmüş, nəticədə 25-ə yaxın yaşayış məntəqəsinin və 11 min nəfərdən çox əhalinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilmişdi.
Cənab Prezident, Sizin "hər bir Azərbaycan vətəndaşının xidmətində durmaq" prinsipinizə uyğun olaraq, aidiyyəti dövlət qurumları dərhal səfərbər olunmuşdur. Sizin nəzarətiniz altında həyata keçirilən operativ tədbirlər sayəsində, çətin relyef şəraitinə baxmayaraq, qısa müddətdə alternativ yol çəkilərək əhalinin rayon mərkəzi ilə gediş-gəlişi bərpa edilmişdir. Təbii fəlakət zonasında yaşayan insanların ərzaq və dərman təminatı fasiləsiz olaraq diqqətdə saxlanılmış, xüsusi texnikalar vasitəsilə lazımi yardımlar kəndlərimizə çatdırılmışdır. Elektrik enerjisinin və rabitə xidmətlərinin bərpası ilə yanaşı, əhali üçün həyati əhəmiyyət kəsb edən təbii qazın fasiləsiz verilməsi tam təmin olunmuşdur.
Bu gün biz qürurla deyə bilərik ki, təbiətin yaratdığı çətinliklər dövlətimizin gücü və Sizin qətiyyətli rəhbərliyiniz sayəsində öz həllini tapmışdır. Görülən bu işlər dövlətin hər bir vətəndaşının yanında olduğunun bariz nümunəsidir.
Möhtərəm cənab Prezident, göstərdiyiniz bu ali diqqətə görə şəxsən Sizə və əməyi keçən bütün insanlara bir daha sonsuz təşəkkürümüzü bildiririk. Biz Qonaqkənd sakinləri Sizin apardığınız uğurlu daxili və xarici siyasəti ürəkdən dəstəkləyir, bu yolda Sizə yeni-yeni nailiyyətlər arzulayırıq.
Uca Allah Sizi və ailənizi qorusun!
Dərin hörmət və minnətdarlıqla,
Muradova Sevda Nağı qızı,
Nurəddinov Ceyhun Nurəddin oğlu,
Yunusova Xavər Ömər qızı,
Məmmədov Elnar Rüstəm oğlu və başqaları (100 nəfər).
Azərbaycan Respublikası, Quba rayonu, Qonaqkənd qəsəbəsi.