logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Jana Krimpedən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

29 aprel 2026, 19:04

Hörmətli cənab Prezident,

28 aprel 2026-cı il tarixli Sərəncamınızla Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyim töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətimə görə “Tərəqqi” medalı ilə təltif edildiyim üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Anamın və nənəmin doğulduğu bir ölkədə dövlət başçısının bir sahibkar kimi fəaliyyətimi qiymətləndirməsi mənim üçün çox böyük əhəmiyyətə malikdir. Mən həmişə Azərbaycanı təkcə bizneslə məşğul olduğum bir ölkə deyil, borclu olduğum vətən hesab etmişəm və Sizin Sərəncamınız bu borcu mənim üçün ömrüm boyu böyük önəm daşıyacaq bir dəyərə çevirdi.

İyirmi ildən çoxdur ki, Azərbaycanın rəqəmsal infrastrukturunun qurulması prosesində iştirak etmək mənim üçün şərəfdir. Həyata keçirilən layihələr sırasında “ASAN İmza” mobil elektron imzanın yaradılması mənim üçün xüsusi önəm kəsb edir. Ölkənin geniş rəqəmsal arxitekturasında mühüm rola malik olan bu mobil elektron imza milyonlarla vətəndaşa xidmət edir və beynəlxalq tərəfdaşlarda Azərbaycana investisiya yatırmağa inam yaradır. Əlbəttə ki, Sizin suveren, müasir və rəqəmsal Azərbaycan üçün gördüyünüz işlər və ölkədə bizim kimi iş qurmaq istəyənlərə göstərdiyiniz etimad olmadan bu uğurların heç biri mümkün olmazdı.

Azərbaycandakı xarici investorlar və sahibkarlar üçün yaratdığınız mühitə görə Sizə minnətdarlığımı bildirirəm. Bu ölkədə vicdanla işləyən xaricilərin əsl tərəfdaş kimi qarşılanması prinsipindən faydalananlardan biri də mənəm. Mənim fəaliyyətim bunun əyani təsdiqidir.

Qarşıdakı günlərdə Qarabağda - sizin rəhbərliyinizlə Azərbaycana qaytarılmış torpaqlarda qızlar üçün 12-ci regional rəqəmsal proqram həyata keçirmək şərəfinə nail olacağam. Gələcək nəsil qızlar üçün investisiya yatırmağın mənə Azərbaycanda görəcəyim hər hansı işdən daha çox xoş hisslər yaşadacağına əminəm.

Cənab Prezident, mən bu medalın önəmini dərindən hiss edirəm və Azərbaycan Respublikasına daim sadiq qalacağam.

Sizə ən yüksək ehtiramımı ifadə edirəm.

Hörmətlə,

Jana Krimpe

“B.EST Solutions Azerbaijan” şirkətinin təsisçisi və rəhbəri

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi