Cəfər Cəfərovdan, Bakı, Azərbaycan
29 aprel 2026, 16:00
Möhtərəm cənab Prezident,
Sizi beynəlxalq nüfuzu və mənəvi əhəmiyyəti ilə seçilən "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməyiniz münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Bu mötəbər mükafat Zati-alilərinizin sülhə, qarşılıqlı anlaşmaya və humanitar dəyərlərə əsaslanan dövlətçilik siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası qlobal miqyasda etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısı kimi tanınır, beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirir.
Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Zati-alilərinizin rəhbərliyi ilə regionda yeni reallıqlar formalaşmış, postmünaqişə dövrünün əsas prioriteti kimi davamlı sülhün təmin olunması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirilməyə başlanmışdır. Xüsusilə, Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin irəlilədilməsi istiqamətində atılan addımlar Sizin uzaqgörən və məsuliyyətli liderliyinizin təzahürüdür.
Zati-aliləriniz tərəfindən irəli sürülən qarşılıqlı ərazi bütövlüyünün tanınması, suverenliyə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan yanaşma regionda etimad mühitinin formalaşmasına xidmət edir. Bu yanaşma yalnız siyasi bəyanatlarla deyil, eyni zamanda konkret təşəbbüslər və praktiki addımlarla müşayiət olunur ki, bu da Cənubi Qafqazda qarşıdurmadan əməkdaşlığa keçidin real əsaslarını yaradır.
Eyni zamanda, Zəngəzur dəhlizinin açılması təşəbbüsü və ümumilikdə nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində həyata keçirilən siyasət regionun uzun illər davam edən blokadadan çıxmasına, iqtisadi əlaqələrin bərpasına və genişmiqyaslı inteqrasiyanın formalaşmasına xidmət edir. Bu strateji baxış Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın rolunu daha da artıraraq ölkəmizi qlobal logistika və ticarət şəbəkələrinin mühüm qovşaqlarından birinə çevirir.
Zati-alilərinizin beynəlxalq platformalarda, o cümlədən qlobal iqtisadi və siyasi müzakirə meydanlarında nümayiş etdirdiyiniz prinsipial mövqe, sülh, təhlükəsizlik və davamlı inkişaf məsələlərinə verdiyiniz töhfələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir. Sizin təşəbbüsləriniz və çıxışlarınız müasir dünyada dialoq mədəniyyətinin təşviqinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və humanitar əməkdaşlığın genişlənməsinə xidmət edir.
"Sülh və Barışıq üçün Gernika mükafatı" məhz xalqlar arasında həmrəyliyin, qarşılıqlı anlaşmanın və dinc birgəyaşayışın təşviqinə töhfə verən liderlərin fəaliyyətini qiymətləndirir. Bu mükafata layiq görülməyiniz Sizin həyata keçirdiyiniz siyasətin bu ali prinsiplərlə tam uyğunluq təşkil etdiyini və beynəlxalq miqyasda yüksək etimad qazandığını bir daha təsdiqləyir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunu müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirərək Azərbaycanı yeni zirvələrə yüksəldən Müzəffər Lider kimi Zati-alilərinizin fəaliyyəti ölkəmizin ziyalıları, elm və təhsil ictimaiyyəti tərəfindən böyük qürur hissi ilə qarşılanır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi bu mühüm uğuru yüksək dəyərləndirir və onu Azərbaycanın beynəlxalq nüfuzunun daha bir parlaq göstəricisi kimi qəbul edir.
Cənab Prezident,
Sizi bir daha ürəkdən təbrik edir. Zati-alilərinizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının davamlı inkişafı və xalqımızın rifahı naminə icra etdiyiniz uğurlu dövlətçilik fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram.
Dərin hörmətlə,
Cəfər Cəfərov,
ADPU-nun rektoru, professor
Azərbaycan Respublikası, Bakı şəhəri.