Hikmət Məmmədovdan, Bakı, Azərbaycan
21 aprel 2026, 16:25
Möhtərəm cənab Prezident,
Məni dövlətimizin ali ordenlərindən olan "Şöhrət" ordeni ilə təltif etdiyinizə görə Sizə səmimi təşəkkür və minnətdarlığımı bildirirəm.
Siz, Azərbaycan dövlətçilik tarixində yeni bir dövr açan, uzun illər davam edən məğlubiyyətlər silsiləsinə son qoyaraq Azərbaycan xalqını yenidən qalib xalqa çevirən böyük siyasi lider, qalib sərkərdəsiniz. Uzaqgörənliyiniz, müdrikliyiniz, ən doğru zamanda qətiyyətli qərarlar qəbul etmək bacarığınızla siyasət, diplomatiya, müharibə və sülh tarixində yeni səhifələr açmısınız. Uzun illər davam edən işğala qırx dörd günlük Vətən müharibəsi ilə son qoyulması və iyirmi üç saatlıq xüsusi hərbi əməliyyatla separatizmin birdəfəlik aradan qaldırılması bunun parlaq təzahürüdür.
İnsanın ən üstün keyfiyyətləri əqli, vicdani və idraki xüsusiyyətləridir. Məhz bu keyfiyyətlər vasitəsilə insan özünü, dünyanı və ətraf mühiti dərk edir, obyektiv gerçəkliyi mənimsəyir. Lakin ağılla dərk edilə bilməyən hadisələr insan tərəfindən bəzən möcüzə kimi qəbul olunur. Sizin qırx dörd günlük müharibə və iyirmi üç saatlıq hərbi əməliyyatda əldə etdikləriniz də məhz bu baxımdan çoxları üçün möcüzə kimi görünür. Dünya siyasətinin məntiqini, beynəlxalq münasibətlər sistemini və beynəlxalq hüququn imkanlarını, geosiyasət anlayışını, imperiyalar tarixini və hazırkı geostrateji reallığı anlayanlar üçün isə Sizin əldə etdiyiniz tarixi qələbə və bu qələbəni bütün dünyaya qəbul etdirə bilməyiniz ikiqat möcüzədir.
Tarix ədalətlidir, onu yaradanları əsla unutmur. Siz böyük tarix yazdınız və tarix də öz səhifələrində Sizi böyük hərflərlə yazacaq. Bu məsələnin akademik və xronoloji tərəfidir. Mənəvi-emosional kontekstdə isə Azərbaycan xalqı Sizi artıq öz ürəyinə və milli yaddaşına əbədi olaraq həkk edibdir.
Cənab Prezident, Sizin bir əliniz qılınc və dəmir yumruq, digər əliniz isə şəfqət, mərhəmət və qələmdir. Qılınc və qələm isə böyük Nəsrəddin Tusinin yazdığı kimi, birlikdə dövlət deməkdir. Dəmir yumruğunuz xalqımızı və dövlətimizi düşmənlərdən qoruyur, şəfqət və mərhəmət əliniz isə ona rifah, təhlükəsizlik və firavanlıq bəxş edir.
Mən xoşbəxt insanam ki, məhz Sizin qələminizlə imzalanan sərəncamla "Şöhrət" ordeninə layiq görülmüşəm. Bu, mən və ailəm üçün böyük qürur, şərəf və fəxarətdir. Bizdə dərin və səmimi minnətdarlıq hissi yaradır. Bir daha Sizə ən dərin minnətdarlığımı bildirərək, xalqımız, dövlətimiz və onun gələcəyi üçün göstərdiyiniz fəaliyyətinizdə Sizə uğurlar arzulayır, ürəkdən “çox sağ olun!” deyirəm.
Tanrı Sizi və ailənizi qorusun! Tanrı xalqımızı və dövlətimizi qorusun!
Dərin hörmət və ehtiramla,
Hikmət Baba oğlu Məmmədov,
Milli Məclisin deputatı
Azərbaycan Respublikası, Bakı şəhəri.