Elvin Nəsirovdan, Astara, Azərbaycan
13 aprel 2026, 14:33
Hörmətli və əziz Prezidentimiz, cənab İlham Əliyev!
Sizə öz adımdan və ailəm adından ən səmimi hörmətimi, dərin minnətdarlığımı bildirmək istəyirəm.
Bu günlərdə xəbərlərdə oxudum ki, martın 18-də Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüş zamanı Siz balaca Ayazla səmimi söhbət etmisiniz. Həmin dialoq zamanı azyaşlı Ayaz Sizdən “KamAZ” markalı yük avtomobili istəyib. Qısa müddət sonra Siz Ayazın arzusunu yerinə yetirərək, onun yaşadığı ünvana “KamAZ” markalı yük avtomobili göndərmisiniz. Bu xəbəri oxuyanda bir Azərbaycan vətəndaşı kimi ürəyim sevinclə doldu, gözlərim yaşardı və bir daha Sizinlə fəxr etdim. Çünki Siz təkcə dövlət başçısı deyil, eyni zamanda xalqın içində olan, xalqın dərdinə, sevincinə, arzusuna dəyər verən böyük ürək sahibi bir Lider olduğunuzu bir daha göstərdiniz.
Bir uşağın sevincinə səbəb olmaq bəzən elə bir böyük hadisədir ki, onun təsiri minlərlə ailəyə, minlərlə ürəyə ümid verir. Siz Ayazın arzusunu yerinə yetirməklə bütün Azərbaycan uşaqlarına sevinc bəxş etdiniz, xalqımıza isə bir daha göstərdiniz ki, dövlətin başında xalqını sevən, mərhəmətli və diqqətli bir Prezident dayanır.
Hörmətli cənab Prezident, bu addımınız bizim kimi sadə vətəndaşlara böyük ruh yüksəkliyi verir. Biz ailə olaraq hər zaman inanmışıq ki, dövlət güclü olanda xalq da güclü olur. Sizin siyasətiniz sayəsində Azərbaycan bu gün qalib dövlətdir, dünya qarşısında başıucadır.
Cənab Prezident, bu davranışınız bizə bir daha sübut etdi ki, Siz hər zaman millətimizin yanındasınız. Biz də ailə olaraq daim dövlətimizin yanında olmuşuq və bundan sonra da olacağıq. Vətənə, torpağa, bayrağa bağlılığımızı həyatımızın hər anında sübut etmişik və etməyə davam edəcəyik. Mən özüm də Aprel döyüşlərində və Vətən müharibəsində iştirak etmiş bir vətəndaş kimi hər zaman qürur hissi ilə deyirəm: bu xalqın, bu torpağın, bu bayrağın yolunda can qoymağa dəyər. Çünki bu dövlətin başında xalqını sevən, hər kəsə diqqət göstərən, hətta uşaqların arzularını belə həyata keçirən böyük Lider dayanır.
Bizim üçün ən böyük fəxr odur ki, belə bir güclü dövlətin və belə bir qüdrətli Liderin rəhbərlik etdiyi Azərbaycanın vətəndaşıyıq. Sizin apardığınız siyasət nəticəsində Azərbaycan bu gün dünyada güclü, söz sahibi olan, qalib bir ölkədir. Biz hər zaman bu qələbə ruhu ilə yaşayırıq və bunu gələcək nəsillərə də ötürəcəyik.
Hörmətli və əziz Prezidentimiz, bu nəcib və nümunəvi addımınıza görə Sizə öz adımdan və ailəm adından dərin təşəkkürümü bildirirəm. Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, işlərinizdə daim uğurlar və xalqımızın xoş gələcəyi üçün yeni-yeni qələbələr arzulayıram.
Var olun, cənab Prezident!
Allah Sizi qorusun!
Hörmətlə,
Nəsirov Elvin Eynulla oğlu,
Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.