Zülfiyyə Bayramlıdan, Yevlax, Azərbaycan
10 aprel 2026, 17:11
Möhtərəm Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı!
Sizi ürəkdən salamlayıram. Sizin peşəkar rəhbərliyiniz altında düşmənin terror-təxribat aktlarına cavab olaraq 2020-ci il 44 günlük Vətən müharibəsində və 2023-cü ildə baş tutan antiterror tədbirləri zamanı Ermənistan təcavüzkarlarının işğalına son qoyuldu və nəticədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam şəkildə təmin olundu. Vətənini və dövlətini sevən hər bir azərbaycanlı kimi mən də öz dövlətimlə, dövlətimizin güclü başçısı ilə qürur duyuram.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın maraqları naminə olan müdrik siyasətini uğurla davam etdirdiyiniz üçün Sizə minnətdarıq. Çünki Azərbaycan bu gün bütün sahələr üzrə böyük inkişaf yolunda uğurla addımlayır. Mən mədəniyyət sahəsinin işçisi olaraq, həmçinin YAP Yevlax rayon təşkilatının könüllü fəalı kimi böyük iftixar hissi keçirirəm ki, Sizin düzgün və məqsədyönlü siyasətinizin təbliğ olunması istiqamətində şərəfli və məsuliyyətli fəaliyyət göstərirəm. Prezidentlik fəaliyyətiniz dövründə Siz daim sosial, iqtisadi, humanitar, təhsil, səhiyyə və ölkəmizdəki digər sahələrə xüsusi diqqət və qayğı ilə yanaşmısınız. Bu gün ali rəhbərliyiniz ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri də mədəniyyət sahəsinin inkişafı, maddi və mədəni irsimizin layiqincə qorunması məsələsidir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Siz həmin müdrik ənənəyə sadiq qalaraq, xalqımızın firavan yaşayışını və mədəniyyət sahəsinin inkişafını layiqincə təmin edirsiniz.
Mən bu gün musiqi sahəsində (fortepiano) çoxsaylı Azərbaycan gənclərinin musiqi təhsili alması, həmçinin onların mədəniyyətimizi sevməsi, qoruması, təbliğ etməsi və milli-mənəvi dəyərlərimizə sadiqlik ruhunda yetişdirilməsi naminə təşəbbüs göstərir, üzərimə düşən vəzifəni layiqincə icra etməyə çalışıram.
Möhtərəm Prezidentimiz, ölkəmizdə müşahidə olunan şəffaflıq və obyektivlik Sizin dövlət idarəçiliyində apardığınız köklü islahatlar siyasətinin birbaşa nəticəsidir. Mədəniyyət sahəsinə olan böyük diqqət və qayğınıza, həmçinin Azərbaycan Respublikasının hərtərəfli inkişafına görə Sizə ürəkdən təşəkkür edir, Allahdan Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Bayramlı Zülfiyyə Qiyas qızı
Azərbaycan Respublikası, Yevlax şəhəri.