03 fevral 2026, 17:01

Vətən müharibəsinin qazisi Alim Bayramovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin Azərbaycan Respublikasının Prezidenti kimi həyata keçirdiyiniz uzaqgörən, milli maraqlara əsaslanan və xalqın rifahına xidmət edən siyasətiniz nəticəsində ölkəmizdə sabitlik, inkişaf və vətəndaş məmnunluğu təmin olunmuşdur. Xüsusilə Vətən uğrunda sağlamlığını itirmiş qazilərə və şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı bizlər üçün böyük qürur və dayaqdır.

Sizin qətiyyətli tapşırıqlarınız əsasında aparılan islahatlar nəticəsində ölkənin inkişafı üçün böyük işlər görülür. Bakı şəhərində, o cümlədən ətraf qəsəbələrdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri bunun bariz nümunəsidir.

Sizin müdrik rəhbərliyiniz və Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etmiş, xalqımız tarixi Zəfərə imza atmışdır. Mən – Alim Bayramov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tərkibində döyüş tapşırıqlarını yerinə yetirmişəm. Füzuli, Qubadlı, Hadrut və Şuşa rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, Daşaltı əməliyyatı zamanı ağır yaralanmışam. Bu döyüş yolu mənim üçün ömürlük şərəfdir.

Müharibədən sonrakı dövrdə dövlətimiz tərəfindən qazilərə göstərilən diqqət və qayğı daim hiss olunur, problemlərimizə həssas yanaşılır, müraciətlərimiz dinlənilir və onların həlli üçün operativ tədbirlər görülür.

Hörmətli cənab Prezident!

Yaşadığımız Binə qəsəbəsində uzun illər yağışlı havalarda küçələrdə hərəkət etmək ciddi çətinlik yaradırdı. Bu hal xüsusilə məktəblilər və yaşlı sakinlər üçün təhlükəli idi. Küçəmizin asfaltlaşdırılması ilə bağlı müraciətimizdən sonra məsələ dərhal diqqətə götürülmüş, məhəlləmizə asfalt örtüyü döşənmişdir. Bu gün sakinlər, xüsusilə uşaqlar və məktəblilər rahat və təhlükəsiz şəraitdə hərəkət edirlər.

Əhatə olunduğumuz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirir, möhkəm cansağlığı və dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Bayramov Alim Dursun oğlu, Vətən müharibəsinin qazisi

Azərbaycan Respublikası, Bakı şəhəri.