İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda sessiyasında iştirak etmişdir
24 yanvar 2013, 14:35
Davosda Dünya İqtisadi Forumunun “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda sessiyası keçirilmişdir.
Prezident İlham Əliyev sessiyada iştirak etmişdir.
Dünyada neft və qaz sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi sessiyada Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunda kibertəhlükəsizliyin və ümumilikdə təhlükəsizliyin təmin olunması mövzusunda çıxış etdi.
Dövlət başçısı uzun illərdir Azərbaycanın qlobal enerji layihələrində iştirakına diqqət çəkərək ölkəmizin bu sahədə qazandığı uğurlardan danışdı. Prezident İlham Əliyev Azərbaycanda bu sahədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirdi və uzun illərdir ölkəmizdə bununla bağlı hər hansı bir problemin yaranmadığını diqqətə çatdırdı.
Azərbaycanın regional enerji təhlükəsizlik sistemində xüsusi rol oynadığını vurğulayan dövlətimizin başçısı bu sahədə ölkəmizdə görülən işlərdən, bütövlükdə gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışdı.