İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Mərkəzi Asiya üçün yeni üfüqlər” mövzusunda sessiyasında iştirak etmişdir
23 yanvar 2013, 22:05
Davosda Dünya İqtisadi Forumunun “Mərkəzi Asiya üçün yeni üfüqlər” mövzusunda sessiyası keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir.
Bir sıra ölkələrin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə danışdı. Dövlətimizin başçısı son illərdə Azərbaycanda yüksək dinamik inkişafın müşahidə olunduğunu, ümumi daxili məhsulun üç dəfə artdığını diqqətə çatdırdı.
Enerji sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışan Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə qeyri-enerji sektorunun da inkişafı diqqət mərkəzində saxlanılır və bununla bağlı bir çox layihələr həyata keçirilir. Dövlət bu sahədə dəstəyini hər zaman nümayiş etdirir.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə toxunan Prezident İlham Əliyev ölkəmizin qlobal iqtisadi və enerji layihələrində iştirakının əhəmiyyətindən danışdı.
Dövlət başçısı regional əməkdaşlıq və digər məsələlərə də toxundu.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev sualları cavablandırdı.