logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sevda Məmmədəliyevadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

15 dekabr 2025, 11:04

Möhtərəm cənab Prezident!

İlk növbədə, dünya şöhrətli böyük alim, pedaqoq, maarifçi, təşkilatçı və ictimai-siyasi xadim, akademik Yusif Məmmədəliyevin xatirəsinə və zəngin elmi irsinə göstərdiyiniz böyük ehtiram və həssas münasibətə görə Sizə alimin ailəsi adından dərin minnətdarlığımı bildirirəm. Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında 5 iyul 2025-ci il tarixində imzaladığınız Sərəncamdan irəli gələrək həyata keçirilən fəaliyyətlər bizim üçün ölçüyəgəlməz əhəmiyyətə malikdir.

Sizin xüsusi diqqətiniz sayəsində 4-5 dekabr 2025-ci il tarixlərində 30-a yaxın xarici qonağın iştirakı ilə Bakı və Naxçıvan şəhərlərində beynəlxalq yubiley kofransı yüksək səviyyədə təşkil edilmiş, akademikin Ordubad şəhərində yerləşən abidəsi qısa zaman ərzində təmir olunmuş və Yusif Məmmədəliyevin ev-muzeyindəki abadlıq işləri başa çatdırılmışdır.

Keçirilən tədbir və görüşlərdə Yusif Məmmədəliyevin xatirəsinin anılması ilə bərabər müasir elmi cəmiyyət üçün aktual olan bir sıra məsələlər, o cümlədən süni intellekt, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik kimi əhəmiyyətli məsələlər müzakirə olunmuş, bu sahələr üzrə beynəlxalq əməkdaşlıq və birgə fəaliyyətin əsas istiqamətləri müəyyən edilmişdir.

Yusif Məmmədəliyevin xatirəsinin əbədiləşdirilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Yusif Məmmədəliyevin 90 illik yubileyi böyük təntənə ilə qeyd edilmiş, Ordubad şəhərində atamın ev-muzeyi yaradılmış və abidəsi qoyulmuş, Milli Elmlər Akademiyasının yanında alimin abidəsi ucaldılmışdır.

2005-ci ildə akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi ilə əlaqədar Sərəncam imzalamağınız, Paris şəhərində UNESCO-nun qərargahında keçirilmiş alimin yubiley mərasimində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın iştirakı və məzmunlu çıxışı, Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyini ziyarət etməyiniz Sizin Azərbaycan elminə, elm xadimlərinə verdiyiniz yüksək dəyərin təcəssümüdür.

Ölkəmizdə elmin inkişafına, elmi varisliyin və zəngin ənənələrin yaşadılmasına daim göstərdiyiniz diqqət bundan sonra da elmi mühitin təkmilləşməsi və yeni uğurların əldə edilməsində mühüm rol oynayacaqdır.

Möhtərəm cənab Prezident,

Böyük fəxrlə qeyd etmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamını Siz bu gün əzmlə həyata keçirirsiniz. Sizin rəhbərliyiniz altında sürətlə inkişaf edən Azərbaycan güclü iqtisadi dayaqları olan, bölgədə və dünyada öz siyasətini inamla aparan bir dövlətə çevrilmişdir.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı kimi Sizin qətiyyətli, yenilməz siyasi iradəniz və rəşadətli ordumuzun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Qələbə qazanmış, 2023-cü ildə isə lokal antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərpa edilmişdir. Sizin adınız Qalib Prezident, Qüdrətli Sərkərdə kimi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmışdır.

Bir daha Sizə Yusif Məmmədəliyevin şəxsiyyətinə və elmi irsinə xüsusi diqqət və həssaslıqla yanaşmağınıza, alimin ailəsinə və şəxsən mənə göstərdiyiniz böyük dəstək və qayğıya görə dərin minnətdarlığımızı bildirirəm.

Dərin hörmət və ehtiramla,

Sevda Məmmədəliyeva

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,

fəlsəfə elmləri doktoru, professor

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi