Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivindən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Azərbaycan xalqının şanlı Zəfərinin 5 illik yubileyi münasibətilə Sizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi adından ürəkdən təbrik edirik!
Sizin müdrik rəhbərliyiniz, qətiyyətli iradəniz və sarsılmaz Vətən sevginiz sayəsində xalqımız otuz ilə yaxın davam edən həsrətə son qoydu, torpaqlarımız işğaldan azad edildi, milli qürurumuz bərpa olundu. 2020-ci ilin 8 noyabrında əldə edilən Qələbə xalqımızın tarixi yaddaşında əbədi zəfər səhifəsi kimi qalacaq, gələcək nəsillər üçün qəhrəmanlıq, birlik və dövlətçilik dərsi olacaqdır.
Zəfərimizin əldə olunmasında Sizin uzaqgörən siyasətiniz, ordumuzun şücaəti, xalqımızın birliyi və Vətənə sədaqəti mühüm rol oynadı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, azad edilmiş torpaqlarımızda həyatın yenidən dirçəlməsi Sizin rəhbərliyinizlə Azərbaycanın qüdrətli, qətiyyətli və gələcəyə inamla addımlayan dövlət olduğunu beynəlxalq arenada bir daha sübut edir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi olaraq biz də təhsil, mədəniyyət və incəsənət sahəsində fəaliyyətimizlə Zəfər ruhunu yaşatmaq, milli irsimizi qorumaq və gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq kimi müqəddəs missiyamızı qürurla davam etdiririk.
Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan dövlətçiliyinin daha da güclənməsi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Zəfərimiz daimi, dövlətimiz əbədi, xalqımızın birliyi sarsılmaz olsun!
Hörmətlə,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi
Azərbaycan Respublikası, Bakı şəhəri.