Rauf Zeynidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı olaraq ölkəyə rəhbərlik etdiyiniz dövrdə həyata keçirdiyiniz islahatlar, apardığınız milli, bəşəri və mütərəqqi siyasət nəticəsində respublikamız daha da güclü və nüfuzlu bir dövlətə çevrilmişdir.
Bu gün Siz öz qətiyyətiniz və əzminizlə tarixi Zəfəri siyasi zəfərlə uğurla davam etdirirsiniz. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzaladığınız Birgə Bəyannamə ölkəmizin regiondakı mövqeyini daha da gücləndirəcək bir sənəd kimi qiymətləndirilərək, Azərbaycanın 2020-ci və 2023-cü illərdə şanlı zəfərlər əldə etməsini, 2025-ci ildə isə sülh razılaşmasına nail olmasını və regionda yeni siyasi-təhlükəsizlik nizamı qurmasını bir daha təsdiq edir. Bu, onu göstərir ki, Azərbaycan nəinki ərazi bütövlüyünü qoruyub saxlayır, həm də Ermənistanı öz geosiyasi layihələrinə tabe edir və beynəlxalq ictimaiyyətin haqlı dəstəyi ilə Azərbaycanın Cənubi Qafqazda dominant dövlət kimi mövqeyi daha da möhkəmlənir.
Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü onu təsdiqlədi ki, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, dost və qardaş ölkələrimiz arasında enerji və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir. Oktyabrın 13-də keçirilən Misir Sülh Sammiti isə Azərbaycan diplomatiyasının çevik, çoxvektorlu və real nəticəyə yönəlmiş xarakterini ortaya qoydu.
Vətəndaş cəmiyyətini təmsil edən Bakı İctimai Əməkdaşlıq Mərkəzi olaraq Sizin milli maraqlarımıza xidmət edən çoxşaxəli, geostrateji və genişmiqyaslı fəaliyyətinizi təqdir edir, güclü və nüfuzlu Azərbaycan üçün bundan sonra da parlaq qələbələrə imza atacağınıza ürəkdən inanırıq.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində müstəqil və bütöv Azərbaycanımızın bundan sonrakı tərəqqisi və yüksəlişi, dövlətçiliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəldilməsi və firavan həyatının təmin olunması naminə fəaliyyətinizdə Sizə uğurlar və yeni-yeni qələbələr arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Rauf Zeyni
Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.