Şahmar Həsənovdan, Gəncə, Azərbaycan
08 oktyabr 2025, 18:00
Hörmətli cənab Prezident,
Sizə dərin ehtiramımı bildirərək, Gəncə şəhərində möhtəşəm açılışı baş tutan və uğurla keçirilən III MDB Oyunları və bu mötəbər tədbir ərəfəsində Qədim Gəncəmizin abadlaşdırılması, infrastrukturunun yenilənməsi və ümumi inkişafı istiqamətində görülmüş genişmiqyaslı işlərə görə təşəkkürümü bildirirəm.
Gəncə Sizin xüsusi diqqətiniz və tapşırıqlarınız sayəsində daha da gözəlləşmiş, müasir görkəm almış, yeni sosial və idman obyektləri, möhtəşəm stadion, yollar və yaşıllıqlar şəhər sakinlərinin istifadəsinə verilmişdir. Sizin təşəbbüsünüzlə III MDB oyunları kimi tədbirin Gəncədə keçirilməsi, bir tərəfdən, ölkəmizin və şəhərimizin beynəlxalq nüfuzunun artmasına xidmət edir, digər tərəfdən isə regionların davamlı inkişafına təkan verir.
Xüsusilə, Sizin diqqət və qayğınız nəticəsində Gəncə bir daha sübut etdi ki, o, Azərbaycanın ən önəmli mədəni, tarixi və idman mərkəzlərindən biridir. Şəhərimizdə yaradılan müasir infrastruktur və gözəlliklər burada yaşayan hər bır vətəndaşın qəlbində qürur hissi doğurur.
Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin bütün bölgələri kimi, Gəncə də dinamik inkişaf edir, yeni uğurlara imza atır. Bu inkişafın davamlı olacağına və Gəncənin daha da çiçəklənəcəyinə inanırıq.
Bir daha dərin təşəkkürümü bildirir, Sizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı naminə göstərdiyiniz şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Həsənov Şahmar Umud oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.