Respublika Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılış mərasimində İlham Əliyevin nitqi
28 dekabr 2012, 19:00
- Sizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm. Eyni zamanda, biz Yeni il bayramı ərəfəsində neyrocərrahiyyə xəstəxanasının əsaslı təmirdən sonra açılışını qeyd edirik. Çox gözəl təəssürat bağışlayır. Xəstəxana o qədər də yaxşı vəziyyətdə deyildi, köhnəlmişdi, təmirə ehtiyacı var idi. İndi ən yüksək standartlara cavab verir, həm avadanlıq, həm təmir işləri. Yəni, burada çox yüksək səviyyəli tibbi xidmət göstərmək mümkün olacaqdır. Bu, məni çox sevindirir. Çünki hesab edirəm ki, ölkəmizin hər bir xəstəxanasında ən yüksək səviyyə, gözəl şərait olmalıdır. Biz buna çalışırıq və nəinki Bakıda, eyni zamanda, bütün bölgələrdə, bütün rayon və şəhərlərimizdə yeni tikilmiş xəstəxanalar bax bu səviyyədədir.
Bu, artıq səhiyyə sistemində Azərbaycan standartlarıdır. Şəhərdən, bölgədən asılı olmayaraq, hər bir yerdə Azərbaycan vətəndaşı üçün yüksək tibbi xidmət göstərilməlidir. Əvvəlki dövrdə bizim buna o qədər də imkanımız çatmırdı. Əvvəlki illərdə alınmış avadanlıq köhnəlmişdir, sıradan çıxmışdır. Ancaq bu gün Azərbaycan dövləti güclü dövlətdir, güclü iqtisadiyyatımız var və sosial məsələlərin həlli bizim üçün ön plandadır. Sosial məsələlərin arasında isə səhiyyə məsələləri əlbəttə ki, xüsusi yer tutur. Mən çox şadam ki, son illər ərzində Bakının bir sıra xəstəxanaları çox gözəl təmir edilmiş və istifadəyə verilmişdir. Demək olar ki, ixtisaslaşdırılmış bütün tibb mərkəzlərimiz artıq belə səviyyədədir.
Növbəti illərdə bu işlər davam etdiriləcəkdir. Hələ ki, təmirə ehtiyacı olan xəstəxanalar vardır. Biz bunu bilirik və bu işlər ardıcıllıqla görüləcəkdir.
Sizə uğurlar arzulayıram. Arzu edirəm ki, xəstələrə yaxşı xidmət göstərəsiniz. Xəstəxana əlbəttə ki, ilk növbədə xəstələr üçün olan bir tibb müəssisəsidir, amma, eyni zamanda, həkimlərin iş yeridir. Həkimlərin iş yeri də belə olmalıdır.
Həkimlər çox böyük xidmət göstərirlər. Mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Arzu edirəm ki, həkimlərimiz öz biliklərini artırsınlar, təkmilləşmə daim getməlidir. Çünki dünyada səhiyyə sahəsində çox böyük inkişaf gedir. İndi yeni texnologiyalar, yeni müalicə üsulları, yeni cərrahiyyə metodları tətbiq olunur. Biz də ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq etməliyik. Bunu etmək üçün əlbəttə ki, müasir avadanlıq olmalıdır, eyni zamanda, təlim prosesi də daim getməlidir.
Sizi gözəl hadisə münasibətilə təbrik edirəm və sizə cansağlığı, uğurlar arzulayıram.