Bakının Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılışında İlham Əliyevin nitqi
27 dekabr 2012, 18:45
- Əziz dostlar, mən sizi ürəkdən salamlayıram. Sizi Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində ürəkdən təbrik edirəm. Eyni zamanda, bu gün bu gözəl qəsəbənin açılışı münasibətilə sizi təbrik edirəm.
Bu qəsəbənin tikilməsi Azərbaycan dövlətinin gücünü və siyasətini əks etdirir. Bu siyasəti ulu öndər Heydər Əliyev qoymuşdur. Biz onun yolu ilə gedirik və bildiyiniz kimi, Dövlət Neft Fondunun birinci ödəmələri məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. O vaxtdan bu günə qədər Dövlət Neft Fondu məcburi köçkünlərin rahat evlərlə, mənzillərlə təmin edilməsi sahəsində çox böyük iş görmüşdür. Təkcə bu il 20 min köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilir, belə gözəl qəsəbələr tikilir. Bu qəsəbədə gözəl binalarda, gözəl mənzillərdə 7 min köçkün rahat yaşayacaqdır. Bu məktəb isə Azərbaycanda müstəqillik dövründə tikilmiş ən böyük məktəbdir. 1300 şagird yerlik məktəb son 20 il ərzində tikilmiş ən böyük çox gözəl, geniş məktəbdir.
Burada yaşamaq üçün bütün şərait vardır - uşaq bağçası, gözəl binalar, məktəb. Ölkəmizin müxtəlif yerlərində məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün belə gözəl qəsəbələr, fərdi evlər tikilir. Bildiyiniz kimi, indi biz bu işi ardıcıllıqla aparırıq. Birinci mərhələdə biz, əlbəttə, ən ağır vəziyyətdə yaşayanların vəziyyətini yaxşılaşdırmalı idik. Bu məqsədlə 2007-ci ilə qədər çadır şəhərciklərinin ləğvi ilə bağlı böyük işlər görüldü. Ondan sonrakı mərhələdə artıq yataqxanalarda, fin qəsəbələrində, hərbi hissələrin ərazilərində yaşayanların sosial vəziyyəti yaxşılaşdırılmalıdır və biz bunu görürük. Burada, bu qəsəbədə yaşayacaq insanların böyük əksəriyyəti uzun illər yataqxanalarda ağır vəziyyətdə yaşamışdır. Bu gün Azərbaycan dövləti bu istiqamətdəki siyasətini uğurla aparır. Bütövlükdə son illər ərzində bu məqsədlər üçün milyardlarla manat vəsait ayrılmışdır. Bu il 20 min köçkün yeni evlərə köçürülür. Gələn il 20 mindən artıq köçkün yenə də yeni mənzillərlə, evlərlə təmin ediləcəkdir. Bu il Dövlət Neft Fondundan bu məqsədlər üçün tarixdə ən böyük vəsait ayrılmışdır - 300 milyon manat. Gələn il də 300 milyon manatdan az olmayan məbləğ nəzərdə tutulur. Yəni, biz bu məsələni ardıcıllıqla həll edirik və əminəm ki, bir neçə ildən sonra məcburi köçkünlərin əsas məişət problemləri öz həllini tapacaqdır.
Bildiyiniz kimi, Dövlət Proqramı həyata keçirilir. Məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı uğurla icra edilir. Biz təkcə qəsəbələrin, evlərin tikilməsi ilə öz işimizi məhdudlaşdırmırıq, eyni zamanda, məşğulluq məsələlərini də həll edirik. Rəsmi statistikaya görə, son illər ərzində köçkünlərin arasında yoxsulluq səviyyəsi kəskin şəkildə aşağı düşübdür. Bütövlükdə ölkə üzrə yoxsulluq artıq çox aşağı səviyyədədir. Keçən ilin yekunlarına görə 7,6 faiz, bu ilin yekunlarına görə daha da aşağı olacaqdır. Köçkünlər arasında da yoxsulluq aşağı düşür, məşğulluq artır.
Ölkəmizdə bütövlükdə yeni iş yerlərinin açılması prosesi uğurla gedir. Son on il ərzində 1 milyon 100 min iş yeri açılmışdır və məcburi köçkünlər də bu imkanlardan bəhrələnirlər.
Bütövlükdə iqtisadi islahatlarımız və iqtisadi sahədə apardığımız siyasət bizə belə gözəl binaların, qəsəbələrin tikilməsinə imkan yaradır. Əgər ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın yeni neft strategiyası aparılmasaydı, yəni, əgər biz o strategiyanın həyata keçirilməsində uğur əldə etməsəydik, bu gün biz belə qəsəbələri tikə bilməzdik. Hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var, biz bunu bilirik. Yenə də deyirəm, biz bu məsələni ardıcıllıqla həll edirik. Çadır şəhərcikləri, fin qəsəbələri ləğv edildi. Yataqxanalarda, uşaq bağçalarında yaşayanlar var, biz onların da məişət problemlərini həll edəcəyik.
Yəni, bu, onu göstərir ki, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması dövlət siyasətimizdə ön plandadır. Həmişə belə olubdur. Sadəcə olaraq, indiki mərhələdə dövlətimizin gücü daha da çoxdur. Maliyyə imkanlarımız daha da böyükdür. Amma xatırlayıram, Dövlət Neft Fondu yarananda oraya ilk vəsait daxil olunanda birinci ödəmələr ulu öndər Heydər Əliyev tərəfindən məhz köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdi. Yəni, o vaxt bu məsələ prioritet kimi müəyyən edilmişdir. Bu gün də bu, prioritet olaraq qalır. Çünki köçkünlər ən ağır vəziyyətdə yaşayan insanlardır. Ermənilər Azərbaycan xalqına qarşı soyqırımı siyasəti aparıblar. Xocalı soyqırımı artıq dünya miqyasında soyqırımı kimi tanınır. Üç ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıbdır və bu proses davam edəcəkdir.
Azərbaycanlıların elementar insan hüquqları tapdalanır. Bir milyondan artıq vətəndaşın elementar əsas insan hüquqları kobudcasına tapdalanır. Beynəlxalq təşkilatlar qərarlar, qətnamələr qəbul ediblər və Azərbaycan diplomatiyasının səyləri nəticəsində bu gün bütün beynəlxalq çərçivələrdə bizim haqq işimiz artıq üstünlük təşkil edir. Erməni təbliğatı bizim qabağımızda acizdir. Ancaq bu beynəlxalq təşkilatların qətnamələri əfsuslar olsun ki, reallığa çevrilmir. Beynəlxalq aləm, xüsusilə bu münaqişə ilə bağlı vasitəçilik funksiyalarını öz üzərinə götürən ölkələr, Minsk qrupu daha da fəal olmalıdır. İşğalçıya öz yerini göstərməlidir, onlardan kəskin şəkildə tələb etməlidir ki, artıq münaqişəyə son qoyulmalıdır, işğalla barışmaq olmaz və işğala son qoyulmalıdır. Biz də Azərbaycan dövləti olaraq öz tərəfimizdən ölkəmizi gücləndirməklə, iqtisadi, siyasi islahatları aparmaqla, ordumuzu gücləndirməklə qələbə gününü yaxınlaşdırırıq.
Mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Əminəm ki, Azərbaycan xalqında da bu barədə şübhə yoxdur. Sadəcə olaraq biz çalışırıq ki, bunu tezliklə edək. Bu gün işğal altında olan torpaqlara vətəndaşlarımız tezliklə qayıtsın. Tezliklə o şəhərləri biz yenidən tikək, yenidən quraq, bərpa edək. Çünki bildiyiniz kimi, işğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Erməni quldurları, erməni vəhşiləri tərəfindən bizim bütün tarixi abidələrimiz dağıdılıbdır. Məktəbin idman zalında indi nümayiş etdirilən eksponatlar bizim tarixi sərvətimizdir. Ancaq bizim o muzeylərdə saxlanılan, əsas maddi irsimizin nümunələri artıq ermənilər tərəfindən talan edilib, dağıdılıb, yandırılıb. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb.
Bunu ermənilər ediblər, erməni faşistləri ediblər. Bu vəziyyətlə bu gün hələ də barışan beynəlxalq birlik hesab edirəm ki, çox ciddi nəticələr çıxarmalıdır. Çünki Azərbaycanın imkanları, ordumuzun gücü artır. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Biz bütün imkanlardan istifadə edib ərazi bütövlüyümüzü bərpa edəcəyik. Münaqişəyə nə qədər tez son qoyulsa, hər kəs üçün də o qədər yaxşı olar.
Biz öz siyasətimizi davam etdirəcəyik. Öz prinsipial mövqeyimizdən bir addım belə geri çəkilməyəcəyik. Çünki həm beynəlxalq hüquq, həm tarixi ədalət bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, bundan sonra da Azərbaycan torpağı kimi qalacaqdır. Dünya birliyi qondarma Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Dağlıq Qarabağda keçirilən bütün saxta seçkilər beynəlxalq birlik tərəfindən tənqid edilir. O saxta seçkilərin nəticələri tanınmayıb.
Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Azərbaycan dövləti bu istiqamətdə bütün imkanlardan istifadə edir. Yenə də demək istəyirəm ki, biz həm siyasi, diplomatik istiqamətdə, iqtisadi sahədə, əlbəttə, ordu quruculuğu işində daha da güclü olmalıyıq. Gün gələcək biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və ondan sonra bu gün dağıdılmış şəhərləri yenidən quracağıq, bərpa edəcəyik. Azərbaycanlılar öz doğma torpaqlarında yaşayacaqlar, yaşamalıdırlar. Mən buna inanıram, buna əminəm və əminəm ki, bütün Azərbaycan xalqı buna inanır və biz qələbə gününü görəcəyik.
Bununla bərabər, biz soydaşlarımız üçün müvəqqəti olaraq belə gözəl binalar tikirik. Siz də bilirsiniz, biz də bilirik ki, bu, müvəqqəti yaşayış yeridir. Bu yerlərdə hələ ki, siz yaşamalısınız və müvəqqəti də olsa şərait yaxşı olmalıdır. Burada yaradılan şərait ən yüksək standartlara cavab verir. Çox geniş, işıqlı otaqlar, çox gözəl planlaşdırılmış qəsəbə, məktəb, uşaq bağçası, bütün kommunikasiyalar, işıq, qaz, su xətləri - hər şey burada nəzərdə tutulub ki, siz müvəqqəti də olsa burada rahat yaşayasınız.
Sizi bir daha qarşıdan gələn bütün bayramlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. İşğaldan əziyyət çəkən bütün soydaşlara bu gün öz salamlarımı, hörmətimi, məhəbbətimi bildirmək istəyirəm. Sağ olun.