Emil Hüseynovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Böyük fəxr hissi ilə bildirirəm ki, Sizin dünyanın 52 ölkəsindən 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri ilə Xankəndi şəhərində keçirilən tarixi görüşünüzdə mən də iştirak edirdim. Görüşdə verilən bütün sualları dərin məntiqlə və diplomatik ustalıqla cavablandırmağınız respublikamızla yanaşı, ölkə xaricində də böyük maraqla və rəğbətlə qarşılandı.
Görüşdə vurğuladınız ki, “Ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır”. Siz ötən illər ərzində Azərbaycan dövlətinin başçısı kimi dövrün çağırışları və şəraitindən ölkəmiz üçün maksimum faydalanaraq bunu etmisiniz. Güclü hakimiyyətin məqsədi də məhz bundan ibarətdir.
Siz siyasəti cəsarətlə, açıq və vicdanla aparırsınız, təşəbbüsləriniz və nailiyyətlərinizlə dünyanı heyran edirsiniz.
Vaşinqtondakı möhtəşəm zəfəriniz bir siyasətçinin, Liderin, şəxsiyyətin böyük ləyaqətlə və Vətənə məhəbbətlə keçdiyi uzun yolun məntiqi kulminasiya nöqtəsidir. Bütün bu illər ərzində Siz təkcə gələcəyi qabaqcadan görmürdünüz, həm də onu yaradırdınız... Deyirlər siyasət mümkün olanın sənətidir. Lakin Sizin fəaliyyətinizin nümunəsi bu postulatı yenidən ifadə etməyə imkan verir: İlham Əliyevin siyasəti qeyri-mümkün olanı mümkün etmək sənətidir! Siz həm müharibəni, həm də sülhü qazandınız. Uğurlu diplomatiyanız, cəsarətli mövqeyinizlə Qafqazda sülhün bərqərar olmasına çox böyük töhfə verdiniz. Bununla da Azərbaycanın və Qafqazın tarixində yeni bir səhifə açdınız - sülh və əmin-amanlıq səhifəsi.
Möhtərəm cənab Prezident, bu gün dünyada yaşayan 50 milyondan çox azərbaycanlı başını dik tutur, çünki arxasında Sizin kimi qətiyyətli, xalqına sadiq və tarix yazan bir Lider var.
Azərbaycan HR İnstitutunun kollektivi, bütövlükdə ölkəmizin HR ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, Vətənimiz naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. Sizi əmin edirik ki, biz də hər zaman dövlətimizə ləyaqətlə xidmət edəcək, müstəqil Azərbaycan üçün əlimizdən gələni edəcək, etimadınızı daim doğruldacağıq.
Hörmətlə,
Emil Hüseynov
Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.