Nərmin Əzimzadədən, Vaşinqton, Amerika Birləşmiş Ştatları
14 avqust 2025, 12:20
Hörmətli cənab Prezident,
Sizin ABŞ-yə səfəriniz zamanı avqustun 8-də Ağ Evdə Birgə Bəyannamənin imzalanması xəbərini böyük sevinc və qürur hissi ilə qarşıladım. Bu tarixi hadisə təkcə bir sənədin imzalanması deyil, illərlə gözlənilən ümidlərin gerçək olmasıdır, gələcək nəsillərə miras qalacaq bir qələbədir.
Sizin qətiyyətiniz, uzaqgörən siyasətiniz, Vətənimizə və xalqımıza olan məhəbbətiniz bu uğurun ən böyük təminatçısıdır. Ağ Evdəki çıxışınız yalnız bir dövlət başçısının sözləri deyil, bütün Azərbaycan xalqının ürəyindən gələn səs idi. Siz bu sözlərlə həm bizə güc verdiniz, həm də bütün dünyaya Azərbaycanın iradəsini göstərdiniz.
Sizin bir çıxışınızda söylədiyiniz “Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!” sözləriniz mənim üçün xüsusi qürur mənbəyidir. Biz başımızı məhz Sizin sayənizdə dik tuturuq. Siz yalnız bugünkü nəsillərin deyil, gələcək Azərbaycan övladlarının da taleyini dəyişdirən müdrik Lider kimi tarixə düşmüsünüz. Siz xalqımızı daim ləyaqətlə təmsil edən, haqq səsini dünyaya çatdıran və hər zaman milli maraqlarımızı qoruyan rəhbərsiniz.
Vaşinqtonda Birgə Bəyannamənin və digər mühüm sənədlərin imzalanması ölkəmizə yeni-yeni nailiyyətlər qazanmağa imkan verəcək. Bütün bu uğurlarda Sizin liderliyinizin rolu danılmazdır.
Sizə səmimi təşəkkürümü bildirirəm. Sizi dəstəkləyirəm. Dualarım hər zaman Sizinlədir.
Dərin hörmətlə,
Nərmin Əzimzadə, rəssam
Amerika Birləşmiş Ştatları, Vaşinqton şəhəri