Əsmər Gəraydan, Yuta, Amerika Birləşmiş Ştatları
14 avqust 2025, 16:25
Zati-aliləri,
ABŞ-yə səfəriniz zamanda Ağ Evdə Birgə Bəyannamənin uğurla imzalanması münasibətilə Sizə Yuta Azərbaycan Dostluq Təşkilatı və Yuta ştatında yaşayan Azərbaycan icması adından səmimi təbriklərimizi çatdırırıq.
Bu sənədin imzalanması təkcə mühüm diplomatik nailiyyət deyil, həm də dünya azərbaycanlıları üçün qürurverici hadisədir. Biz bunu Azərbaycanın dünyada artan nüfuzunun, əməkdaşlığa sadiqliyinin, digər ölkələrlə, o cümlədən ABŞ ilə dərinləşməkdə davam edən dostluq və qarşılıqlı hörmət əlaqələrinin əyani təsdiqi kimi dəyərləndiririk.
ABŞ-dəkı Azərbaycan diasporunun üzvləri olaraq biz Vətənimizin dəyərlərini və istəklərini əks etdirən strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinin şahidi olmaqdan hədsiz qürur duyuruq. Bu bəyannamənin imzalanması cəmiyyətimizi ruhlandıran, Amerika və Azərbaycan xalqları arasında anlaşmanın, mədəni mübadilənin və əməkdaşlığın təşviqinə sadiqliyimizi gücləndirən tarixi qələbədir.
Biz Yuta ştatındakı fəaliyyətimizlə bu səyləri dəstəkləməyə sadiq qalırıq və mədəniyyətlərimiz, icmalarımız arasında körpü rolunu oynamaqda davam edəcəyik.
Sizi bir daha təbrik edir, rəhbərliyiniz altında Azərbaycan Respublikasına davamlı sülh, firavanlıq və uğurlar arzulayırıq.
Ən dərin hörmətlə,
Əsmər Gəray
Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri
Amerika Birləşmiş Ştatları, Yuta ştatı