Elnur Camalxanovdan, Neapol, İtaliya
13 avqust 2025, 16:30
Möhtərəm cənab Prezident!
Sizi – müstəqil Azərbaycanı firavan gələcəyə, böyük perspektivlərə doğru aparan, hər bir azərbaycanlının Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən əziz dövlət başçımızı tarixi gün münasibətilə səmimi qəlbdən təbrik edirik.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan respublikaları arasında imzalanmış tarixi sənəd Cənubi Qafqazda davamlı sülh, sabitlik və əməkdaşlıq və sürətli iqtisadi inkişaf üçün yeni bir təntənənin başlanğıcıdır. Bu tarixi prosesin baş tutmasında göstərdiyiniz əzmkarlıq və qətiyyət bütün dünya dövlətləri tərəfindən təqdir olunur.
Siz Azərbaycanın lideri olmaqla Azərbaycanı da dünyanın liderinə çevirdiniz. Günəş həmişə Şərqdən doğur və bu gün Sizin Prezidenti olduğunuz doğma Azərbaycanımız da dünyaya Şərqdən doğan bir günəş kimidir.
44 günlük Vətən müharibəsində “Dəmir Yumruq” sayəsində düşmən üzərində qazanılan inamlı qələbədən sonra bu tarixi gün Xalqımıza bir daha məğrurluq hissini yaşatdı. Bu hisslər Azərbaycandan kənara yayılaraq dünyanın dörd bir tərəfində yaşayan və diaspora halında təşkilatlanan hər bir azərbaycanlının gücünə güc qatır.
Biz də, İtaliyada fəaliyyət göstərən və əsasən azərbaycanlılardan ibarət diaspor təşkilatı kimi hər zaman Sizə və yürütdüyünüz siyasətə dəstək vermişik və bundan sonra da dəstək verməyə hazırıq.
Əziz Prezidentimiz! Sizi bütün diaspor təşkilatları və Dünya azərbaycanlıları adından Cənubi Qafqazda sülhün davamlı bərqərar olması istiqamətində qazanılan nailiyyət münasibətilə bir daha ürəkdən təbrik edir, Zati-alilərinə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanın dünyanın ən xoşbəxt diyarına çevrilməsi, ölkəmizin etibarlı gələcəyi naminə apardığınız siyasətdə yeni-yeni uğurlar diləyirik. Hər açılan sabaha Sizin ailənizlə, xalqımızla birgə daim fərəhli duyğularla, sevinclə qədəm qoymağınızı diləyirəm.
Yaşasın Azərbaycan!
Dərin hörmətlə,
Camalxanov Elnur, Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti
İtaliya Respublikası, Neapol şəhəri