Zaur Əliyevdən, Münster, Almaniya
13 avqust 2025, 13:00
Hörmətli cənab Prezident,
2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində Sizin Prezident Donald Trampın şahidliyi ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla imzaladığınız Birgə Bəyannamə dövlətimizin tarixində mühüm siyasi hadisə kimi qiymətləndirilir. Avropa Azərbaycan Mərkəzi və Almaniya Azərbaycanlıları Alyansı adından Sizə dərin təşəkkürümüzü bildirir, Azərbaycan xalqını bu mühüm diplomatik nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edirik.
İllərlə davam edən münaqişənin Sizin qətiyyətli liderliyiniz sayəsində ədalətli həllinə doğru atılmış bu addımı böyük məmnuniyyət və fəxr hissi ilə qarşılayırıq. Qeyd etmək istəyirik ki, bu sənəd Ermənistanın könüllü şəkildə qəbul etdiyi sadə bir sənəd deyil. Bu, Sizin apardığınız ardıcıl və qətiyyətli siyasətin, diplomatik məharətinizin, eləcə də 2020-ci ildə və ondan sonrakı dövrdə əldə edilən müstəsna qələbələrin məntiqi nəticəsidir. Siz hərbi, siyasi və iqtisadi sahələrdə yaratdığınız üstünlük və beynəlxalq müstəvidə formalaşdırdığınız güclü mövqe sayəsində Ermənistanı sülh masasına oturmağa və Azərbaycanın şərtləri çərçivəsində razılaşmaya imza atmağa məcbur etmisiniz. Bu, təkcə hərbi qələbənin deyil, həm də yüksək səviyyəli dövlət idarəçiliyinin, uzaqgörən strategiyanın və prinsipial diplomatiyanın təntənəsidir.
Sözügedən sənədin region üçün strateji əhəmiyyətini xüsusi vurğulamaq istəyirik. Sənəddə nəzərdə tutulan Zəngəzur dəhlizi və Naxçıvan Muxtar Respublikasına maneəsiz quru bağlantının təmin edilməsi, həmçinin Ermənistan ərazisindən keçən beynəlxalq nəqliyyat xətlərinin açılması təkcə Azərbaycan üçün deyil, bütün region üçün böyük geosiyasi və iqtisadi üstünlüklər vəd edir. Bu dəhliz Türk dünyasının coğrafi baxımdan birləşməsini, siyasi, iqtisadi əlaqələrinin daha da möhkəmlənməsini və ortaq enerji, logistika, ticarət layihələrinin həyata keçirilməsini təmin edəcəkdir. Eyni zamanda Cənubi Qafqazın beynəlxalq nəqliyyat şəbəkələrində mərkəzi tranzit qovşağa çevrilməsi, ölkəmizin iqtisadi qüdrətini daha da artıracaqdır. Sənədin digər mühüm əhəmiyyəti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-ə ünvanladığı birgə müraciət əsasında ATƏT-in Minsk Qrupunun və onun mandatı çərçivəsində yaradılmış bütün strukturların fəaliyyətinə rəsmən xitam verilməsidir. Bu qərar 30 ildən artıq müddətdə münaqişənin həlli üçün real nəticə verməyən vasitəçilik formatına hüquqi-siyasi nöqtə qoyur və Qarabağ münaqişəsinin beynəlxalq gündəlikdən tam çıxarılmasını təsdiqləyir. Bu, yeni regional diplomatik reallığın formalaşması baxımından tarixi əhəmiyyət daşıyır. Xüsusilə vurğulamaq istəyirik ki, 33 il davam edən sanksiyaların – ABŞ Konqresinin 1992-ci ildən tətbiq etdiyi “Azadlığı Müdafiə Aktı”na əlavə olunmuş 907-ci düzəlişin ləğvi Sizin diplomatik iradəniz və Prezident Donald Tramp ilə uğurlu strateji dialoqunuz sayəsində mümkün olmuşdur. Bu qərar Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinə yeni imkanlar açmaqla yanaşı, ölkəmizin suveren hüquqlarının qlobal aləmdə tanınması istiqamətində böyük qələbədir. Sizin uzaqgörən siyasətiniz və qlobal diplomatiya müstəvisində nümayiş etdirdiyiniz prinsipial mövqeyiniz yalnız ölkəmizin milli maraqlarını qorumaqla kifayətlənməyib, eyni zamanda regionda sülh, sabitlik və əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.
Avropada yaşayan Azərbaycan diaspor təşkilatları olaraq, biz bu tarixi addımı dəstəkləyir, Sizin həyata keçirdiyiniz milli strategiyanı və xarici siyasət xəttini tam şəkildə müdafiə edirik. Əminik ki, bu sənədin icrası Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirəcək, regionda dayanıqlı sülhə və iqtisadi tərəqqiyə zəmin yaradacaqdır.
Dərin hörmət və ehtiramla,
Zaur Əliyev
Avropa Azərbaycan Mərkəzinin Sədri,
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü
Almaniya Federativ Respublikası, Münster şəhəri