Vüqar Əliyevdən, Bakı, Azərbaycan
28 iyul 2025, 15:30
Möhtərəm cənab Prezident,
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə imzaladığınız Sərəncamla ölkəmizin informasiya məkanında uzun illər peşəkar fəaliyyət göstərən jurnalistlərin mükafatlandırılması media nümayəndələrinə göstərdiyiniz yüksək diqqət və qayğının bariz nümunəsidir.
Bu möhtəşəm yubiley ərəfəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarının da Sizin Sərəncamınızla mükafatlandırılması Agentliyimizin kollektivində sonsuz qürur və iftixar hissi doğurmuşdur. Bu yüksək etimada görə Agentliyin kollektivi adından və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm.
Çox hörmətli cənab Prezident, Sizin müəyyənləşdirdiyiniz müasir informasiya siyasəti nəticəsində son illər Azərbaycan mediası inkişafın yeni mərhələsinə qədəm qoymuş, regional və beynəlxalq informasiya məkanında daha təsirli mövqe qazanmışdır. III Şuşa Qlobal Media Forumunda mətbuatımız haqqında söylədiyiniz dəyərli fikirlər, milli informasiya məkanının strateji əhəmiyyəti barədə verdiyiniz mesajlar media mənsubları üçün fəaliyyət doktrinasıdır.
Bu gün Azərbaycan mediası Sizin rəhbərliyinizlə qazanılmış tarixi nailiyyətlərin, dövlət siyasətinin və milli maraqların obyektiv, operativ və qlobal miqyasda təqdimatında mühüm rol oynayır. Bunu şərtləndirən əsas amil ölkəmizin mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsidir.
AZƏRTAC olaraq biz dövlətimizin uğurlarını həm ölkə daxilində, həm də beynəlxalq informasiya məkanında peşəkarlıqla təbliğ etməyi, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmağı başlıca vəzifəmiz hesab edirik. Bizə göstərdiyiniz etimadı daim doğrultmaq üçün var gücümüzlə çalışacağıq.
Azərbaycan mediasına və jurnalistikasının inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirir, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Əliyev Vüqar, Azərbaycan Dövlət İnformasiya Agentliyinin
İdarə Heyətinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri