İlham Əliyev Sumqayıtda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binasının açılış mərasimində iştirak etmişdir
24 dekabr 2012, 14:45
Sumqayıt şəhərində, eləcə də paytaxtın Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yeni yaşayış binaları istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtdakı binanın açılış mərasimində iştirak etmişlər.
Dövlətimizin başçısı və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış oldular.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov əlillər və şəhid ailələri üçün inşa olunmuş binanın texniki göstəriciləri barədə dövlətimizin başçısına və xanımına məlumat verdi. Bildirildi ki, 12 mərtəbəli 96 mənzilli yeni yaşayış binasında sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Qeyd edildi ki, bu gün yeni mənzillərlə yanaşı, Naxçıvan avtomobil zavodunun istehsalı olan 211 “Naz Lifan” markalı avtomobil də müharibə veteranlarına təqdim olunacaqdır.
Dövlətimizin başçısı yeni binanın sakinləri ilə görüşdü.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli ƏLƏKBƏROV dedi:
- Cənab Prezident, bizim tədbirə xoş gəlmisiniz!
Ənənəvi olaraq, ən əziz gündə Siz Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, eyni zamanda, əlillərlə görüşürsünüz. Siz bu gün də bu ənənəyə sadiq qalmısınız.
Bu gün Azərbaycanın müxtəlif bölgələrində, müxtəlif şəhərlərində tikilmiş evlər təqdim olunacaqdır. Bu gün 411 mənzil Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, eyni zamanda, əlillərə təqdim olunacaqdır. Bundan əlavə, 224 avtomaşın veriləcəkdir. Ümumiyyətlə, bu gün 635 ailə sevinəcəkdir.
Bundan əlavə, Sizin burada iştirakınızdan, bütün sakinlər, bütün bu adamlar ikiqat-üçqat bayram sevinci keçirirlər. Ona görə biz çox şadıq, Sizə yenə də təşəkkür edirəm.
Sonra dövlətimizin başçısı çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Bu gün doğrudan da, çox əlamətdar bir gündür. Ölkəmizin müxtəlif yerlərində müharibə veteranları və şəhid ailələri üçün yeni gözəl binalar tikilmiş və mənzillər, avtomobillər veriləcəkdir. Bu gün sizə 411 mənzil verilir. Sumqayıtda, Bakının Zabrat, Hövsan qəsəbələrində, Gəncədə, Şəkidə, Şəmkirdə yeni gözəl evlər tikilib istifadəyə verilir.
Bu, doğrudan da çox böyük hadisədir, gözəl hadisədir. İlin sonunda biz soydaşlarımızı yeni gözəl mənzillərlə təmin edirik.
Son illər ərzində şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına beş minə yaxın mənzil verilmişdir. Növbədə duranlar hələ vardır. Təqribən iki mindən çox ailə hələ növbədə dayanır. Onların məişət problemləri yaxın 3-4 il ərzində həllini tapacaqdır. Beləliklə, biz bu proqramı 3-4 ildən sonra başa çatdıracağıq.
Bu mənzillərin verilməsi və binaların tikilməsi deyə bilərəm ki, çox nadir bir hadisədir. Çünki bildiyimə görə, postsovet məkanında Azərbaycan yeganə ölkədir ki, bu istiqamətdə belə güclü sosial siyasət aparılır. Minik maşınlarının verilməsinə gəldikdə isə, bütövlükdə Azərbaycandan başqa, heç bir yerdə belə təşəbbüslər irəli sürülmür. Bu günə qədər bizim 3500-dən çox vətəndaş dövlətdən maşınları hədiyyə olaraq almışdır.
Azərbaycan bu istiqamətdəki dövlət siyasətini bundan sonra da davam etdirəcəkdir. Bizim güclü sosial siyasətimiz bütün sahələrdə özünü göstərir. İldən-ilə artan maaşlar, pensiyalar, ünvanlı sosial yardımın həcminin artırılması, eyni zamanda, bu il sovet dövründən qalmış əmanətlərin kompensasiya şəklində vətəndaşlara qaytarılması - bütün bunlar bizim nə qədər güclü sosial siyasətə malik olduğumuzu göstərir. Eyni zamanda, Vətən uğrunda, torpaq uğrunda şəhid olmuş insanların ailələrinə, sağlamlığını itirmiş soydaşlarımıza mənzillərin verilməsi də bizim dövlət siyasətimizin nə qədər düzgün olduğunu göstərir.
Biz bundan sonra da ehtiyacı olan və böyük hörmətə, qiymətə layiq olan soydaşlarımızın məişət problemlərinin həlli üçün əlimizdən gələni edəcəyik. Siz buna layiqsiniz, siz yaxınlarınızı, sağlamlığınızı itirmisiniz. Uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilir. Xocalı soyqırımı artıq üç ölkə tərəfindən rəsmi qaydada soyqırımı kimi tanınmışdır.
Əminəm ki, bu ölkələrin sayı getdikcə artacaqdır. Azərbaycanın haqq işi bütün beynəlxalq təşkilatların qətnamələri, qərarları ilə təsdiqlənir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, digər beynəlxalq təşkilatların qərarları, qətnamələri vardır ki, işğalçı erməni qüvvələri bizim torpaqlarımızdan geri çəkilsin. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və hələ ki, torpaqlarımız işğal altındadır. Məsələnin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur, ola da bilməz. Bizim mövqeyimiz tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanır.
Tarixi ədalət ondan ibarətdir ki, Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı o torpaqlarda yaşamış, yaratmışdır. Bugünkü Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu, tarixi sənəddir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana paytaxt şəhəri kimi vermək haqqında qəbul edilmiş qərar idi. Bu qərar haqqında mən fikirlərimi dəfələrlə bildirmişdim. Bu gün də demək istəyirəm ki, bu, böyük səhv və böyük cinayət idi. Ancaq bu, tarixi həqiqətdir. İrəvan xanlığı bizim tarixi torpağımızdır. Azərbaycanın tarixi torpaqlarında bir dəfə qondarma erməni dövləti yaradıldı, keçən əsrin əvvəllərində. Bu zəmanədə, indiki şəraitdə ikinci qondarma erməni dövlətinin Azərbaycanın tarixi torpaqlarında yaradılmasına biz heç vaxt imkan verə bilmərik. Bu, heç vaxt olmayacaqdır.
Çünki dünya birliyi Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Heç bir ölkə Dağlıq Qarabağı tanımır və bu qondarma, kriminal rejim tərəfindən idarə edilən bir qurum sadəcə olaraq qanunsuz şəkildə fəaliyyət göstərir. Bu qurumun gələcəyi yoxdur, nə hüquqi baxımdan, nə də siyasi və iqtisadi baxımdan.
Çünki bu gün Azərbaycan bölgə məsələlərinin həllində həlledici sözə sahib olan bir ölkədir. Azərbaycanın imkanları, potensialı, ordumuzun gücü və siyasi çəkimiz artır. Bu gün Azərbaycan dünya məsələlərinin həllində öz rolunu oynayır, dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu ilin may ayında bu quruma rəhbərlik etmiş, dünyada gedən bütün məsələlərlə bağlı öz prinsipial və qətiyyətli mövqeyini bildirmişdir.
Bizim iqtisadi çəkimiz artır və bu ilin yekunlarına görə iqtisadi inkişaf yenə də özünü göstərir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir, böyük investisiyalar qoyulur. Bu il ölkə iqtisadiyyatına 20 milyard dollardan çox investisiya qoyulmuşdur. Ölkə iqtisadiyyatının dinamik inkişafını gələcəkdə təmin etmək üçün konkret planlarımız vardır. Gələn ilin sonunda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi başa çatacaqdır. Ondan sonra 2014-cü ilin əvvəlində yeni proqram qəbul ediləcəkdir və bu proqramın icrası nəticəsində Azərbaycan iqtisadi imkanlarını ən azı iki dəfə artıra bilər.
Ölkə qarşısında duran əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bütün başqa sahələrdə biz böyük uğurlara nail ola bilmişik. Bu uğurları sadalamaq üçün çox vaxt lazımdır. Azərbaycan ictimaiyyəti bütün bunları bilir. O ki qaldı Dağlıq Qarabağ məsələsinin həllinə, əfsuslar olsun ki, bu məsələ hələ ki öz həllini tapmır. Bu məsələnin həllində vasitəçilər hesab edirəm ki, daha da fəal olmalıdırlar. İşğalçı dövlətə çox ciddi siqnal verilməlidir ki, işğal edilmiş torpaqlardan çıxsın. Beynəlxalq hüquq normalarını pozmaq olmaz. Ancaq əfsuslar olsun ki, biz belə siqnalları görmürük. Daha çox balanslaşmış ifadələr eşidirik. Əlbəttə, işğalçı dövlət - Ermənistan indiki vəziyyəti, status-kvonu dondurmaq istəyir. Ancaq bu, mümkün olmayacaqdır. Ona görə yox ki, beynəlxalq qurumlar onlara təsir göstərəcəkdir. Biz buna o qədər də çox böyük ümid bəsləmirik. Biz öz gücümüzə arxalanırıq. Bütün məsələlərdə, iqtisadi-siyasi məsələlərdə olduğu kimi, bu məsələdə də öz gücümüzə, Azərbaycan xalqının iradəsinə və Azərbaycan Ordusunun gücünə güvənirik. Vaxt gələcək Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir. Həm tarixi ədalət, həm beynəlxalq hüquq normaları bu haqqı tanıyır.
Müharibə zamanı şəhid olmuş, öz sağlamlığını itirmiş vətəndaşlarımız cəmiyyətin dəyərli insanlarıdır, bizim qəhrəmanlarımızdır. Biz sizinlə fəxr edirik. Gənc nəsil də sizinlə fəxr etməlidir. Gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında sizin kimi insanların rolu çox böyükdür. Mən çox istəyirəm ki, siz tez-tez gənclərlə görüşəsiniz, məktəblərdə, ali məktəblərdə görüşlər keçirəsiniz. Müharibə haqqında, erməni vəhşiliyi haqqında həm gənc nəslə, eyni zamanda, bütün dünyaya daha da geniş məlumat çatdırasınız.
Azərbaycan cəmiyyəti sizi yüksək qiymətləndirir. Azərbaycan dövləti sizin fədakar işinizi yüksək dəyərləndirir. Bugünkü mərasim, ölkəmizin müxtəlif yerlərində bu gün keçirilən mərasimlər bunun bariz nümunəsidir, onun təzahürüdür.
Mən sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Arzu edirəm ki, Yeni ildə bu gözəl mənzillərdə siz rahat, xoşbəxt yaşayasınız. Sizə cansağlığı və uğurlar arzulayıram. Sağ olun.
Qarabağ müharibəsi əlili Azər QULİYEV çıxış edərək dedi:
- Əziz və hörmətli Prezidentimiz.
Hörmətli toplantı iştirakçıları.
Cənab Prezident, bu gün bizim üçün çox gözəl bir gündür. Günümüzün gözəlliyinin biri ondan ibarətdir ki, bu gün Prezidentimiz İlham Əliyevin doğum günüdür.
Cənab Prezident, doğum günü ilə əlaqədar Allah-Taaladan Sizə cansağlığı, işinizdə müvəffəqiyyətlər, nəvələrinizin toyunu arzu edirik. Allah Sizi bizlərə çox görməsin!
Günümüzün ikinci gözəlliyi ondan ibarətdir ki, cənab Prezident, bu gün respublikanın 5-6 rayonunda Sizin göstərişinizlə inşa olunmuş binalardakı mənzillər Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə təqdim olunur. Hər bir mənzilə bir ailə köçürüldüyünü, hər ailədə 5 nəfərin olduğunu, hər bir ailəyə minik avtomobili hədiyyə edildiyini, o ailədə 5 nəfər olduğunu hesablasaq görərik ki, bu gün Siz min nəfərdən yuxarı insana sevinc bəxş edirsiniz. Adət-ənənələrimizə görə, ad günü olan insanlara hədiyyə verilməlidir. Amma Siz ad gününüzdə bizə hədiyyə verirsiniz. Allah Sizi qorusun, cənab Prezident!
Cənab Prezident, bizim “Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin 50 mindən yuxarı üzvü vardır. Biz - Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən insanlar Sizin arxanızdayıq, cənab Prezident. Biz nə qədər yaşayacağıqsa, Sizi Prezident görmək istəyirik. Biz nə qədər varıqsa, istəyirik ki, Prezidentimiz Siz olasınız. Bu, səmimiyyətdən, qəlbimizdən gələn sözlərdir. Cənab Prezident, biz Sizi sevirik. Biz İlhamsevərlərik.
Cənab Prezident, Allah Sizi bu məmləkətə, bu Vətənə, bizim kimi insanlara çox görməsin. Allah-Taaladan arzu edirəm ki, hər il Sizin ad gününüzü qeyd edək və Siz hər il ad gününüzdə bu insanlara gözəl sevinclər bəxş edəsiniz.
Mehriban xanım, Allah Sizi də qorusun! Allah Sizə cansağlığı versin. Siz bizim Prezidentimizin ömür-gün yoldaşısınız. Allah Sizi xoşbəxt etsin!
Sağ olun, cənab Prezident, minnətdaram.
X X X
Şəkidən telekörpü vasitəsilə mərasimə qatılan Qarabağ müharibəsi əlili Sərvər MƏMMƏDOV dedi:
- Hörmətli Prezident!
Biz Sizi qədim Şəki torpağından salamlayırıq. Mən özüm Qarabağ müharibəsi əliliyəm. Biz bu gün burada yığışmışıq, Sizin tapşırığınızla bizim üçün tikilmiş bu gözəl binaların, avtomobillərin təqdimetmə mərasimini keçiririk. Bizim üçün çox xoş gündür.
Cənab Prezident, biz keçmiş döyüşçülər - müharibənin ağrı-acısını görmüş insanlar torpaqlarımızın sülh yolu ilə azad olunması istiqamətində Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizə bəxş etdiyinizə görə, Sizə minnətdarlığımızı bildiririk.
Bu gün burada hamı üçün əlamətdar gündür. Amma mənim üçün ikiqat əlamətdar gündür ki, bir gün əvvəl mənim özümün ad günüm idi, cənab Prezident. Yəni bu, Sizin tərəfinizdən, dövlətimiz tərəfindən mənə təqdim olunan ən dəyərli bir hədiyyədir. Bu, çox qiymətli hədiyyədir. Ancaq bu hədiyyənin Sizin tərəfinizdən təqdim olunması onun dəyərini qat-qat artırır. Mənə verilən mənzilə görə Sizə “çox sağ olun!” deyirəm. İnşallah, Sizin sayənizdə o mənzillərdə ailələrimizlə birlikdə xoş günlər keçirəcəyik. Məndən əvvəl çıxış edən Qarabağ müharibəsi əlili də dedi ki, əslində, bu gün biz Sizə hədiyyə təqdim etməliyik. Amma Siz bizə hədiyyə təqdim edirsiniz. Mən elə bilirəm ki, vətəndaşının xoşbəxtliyini, onun necə sevindiyini görməyin özü hər bir Prezident üçün gözəl hədiyyədir.
Bir daha Sizə minnətdarlığımızı bildiririk. Xahiş edirik ki, Şəki camaatı adından Sizə ad günü hədiyyəsi olaraq, bizim alqışlarımızı qəbul edəsiniz. Çox sağ olun.
Gəncə şəhərindən şəhid anası Minayə PİRİYEVA da telekörpü vasitəsilə mərasimə qatılaraq dedi:
- Hörmətli Prezidentimiz!
Mən Sizi Nizami yurdundan salamlayıram. Bu gün Sizin ad gününüzdür. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm, əllərinizi sıxıram.
Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Ona görə ki, Siz həmişəki kimi şəhid ailələrinə, müharibə veteranlarına bu gün də öz diqqət və qayğınızı göstərirsiniz. Gəncəmiz gündən-günə gözəlləşir. Şəhidlər Xiyabanı tamamilə yenidən qurulub. Onun yaxınlığında böyük bir məqbərə tikilir. O da yaxın günlərdə hazır olacaqdır. Bütün bunlara görə Sizə minnətdarıq!
Bu gün - Sizin ad gününüzdə bizə yeni mənzillər hədiyyə edilir. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq ki, Azərbaycanımız daha da gözəlləşsin, daha da inkişaf etsin. Bu, bizim arzumuzdur.
Mənim Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya da deyiləsi bir sözüm vardır. Mehriban xanım, Sizə də xüsusi minnətdarlığımı bildirirəm. Yadınızdadırsa, mən Sizə teleqramla müraciət etmişdim. Siz xahişimi nəzərə alaraq mənə üçaylıq körpə verilməsini təmin etdiniz. İndi o uşaq beş yaşındadır. İngilis dili təmayüllü bağçaya qoymuşam. Orada istirahət edir, hər şeyi öyrənir. Biz bu xeyirxahlığınıza görə Sizə ailəmiz adından minnətdarlığımızı bildiririk. İndən belə həmin uşaq bu gün bizə verdiyiniz mənzildə yaşayacaqdır. Bundan böyük xoşbəxtlik, səadət ola bilməz. Çox sağ olun.
Qarşıdan gələn 31 dekabr - Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Sizi və ailənizi ürəkdən təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik diləyirəm. Arzu edirəm ki, həmişə həyat yollarında qoşa olasınız. Sağ olun.
X X X
Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını bir daha təbrik edərək dedi:
- Sağ olun əziz dostlar! Mən bu gün, eyni zamanda, Gəncə, Şəki, Sumqayıt şəhərlərinin, Şəmkir rayonunun, Zabrat və Hövsan qəsəbələrinin sakinlərini ürəkdən salamlayıram. Ölkəmiz doğrudan da sürətlə inkişaf edir. Bütün bölgələr inkişaf edir. Gəncədə, Şəkidə, Şəmkirdə dəfələrlə olmuşam. Çox sevinirəm ki, Azərbaycanın bütün şəhərlərində böyük abadlıq-quruculuq işləri aparılır, yeni müəssisələr yaradılır, yeni iş yerləri açılır. Təkcə bu il 100 mindən artıq yeni iş yeri açılmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əvvəlindən bu günə qədər bütövlükdə 1 milyon 100 min iş yeri açılmışdır. İşsizlik böyük dərəcədə azalmışdır və əminəm ki, yaxın illərdə tamamilə aradan götürüləcəkdir.
Bütün rayonlarda abadlıq-quruculuq işləri aparılır. Hər bir yerdə insanlar, fəallar, rayon və şəhər rəhbərləri çalışırlar ki, daha da yaxşı işləsinlər, daha da gözəl abadlıq işləri görsünlər. Bu binalar da müasirdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə tikilmiş bu binalar ən yüksək standartlara cavab verir. Binaların həm xarici görünüşü, həm daxili şəraiti çox yüksək səviyyədədir. Bu, belə də olmalıdır. Çünki bu binalar Vətənimiz üçün, dövlətimiz üçün ən böyük iş görən, fədakarlıq göstərən insanlar üçün tikilir. İlk növbədə, bu insanlar üçün daha da gözəl binalar tikilməlidir, daha da gözəl şərait olmalıdır. Bu, bizim mənəvi borcumuzdur, eyni zamanda, bu, bizim dövlət siyasətimizdir.
Bu gün Sumqayıt şəhərindəyəm. Sumqayıtın da uğurlu inkişafı məni çox sevindirir. Sumqayıt artıq böyük sənaye mərkəzinə çevrilibdir. Qəbul edilmiş qərarların icrası nəticəsində yaxın illərdə Sumqayıt dünya miqyasında böyük sənaye mərkəzinə çevriləcəkdir. Burada yeni müəssisələr, texnologiya parkları, yeni binalar tikilir, abadlıq işləri gedir. Bu gün bizimlə canlı bağlantıda olan bütün rayonlarda da böyük abadlıq-quruculuq işləri gedir. Bu, məni, insanları sevindirir, Azərbaycan dövlətinin uğurlu inkişafını göstərir. Biz növbəti illərdə də bütün istiqamətlərdə - həm sosial, həm iqtisadi sahələrdə öz siyasətimizi uğurla aparacağıq.
Bu gün mənim ünvanıma deyilən xoş sözlərə görə sizə minnətdaram. Mənim üçün ən böyük hədiyyə Azərbaycan xalqının xoşbəxtliyidir və bu gün mən xoşbəxtəm. Çünki bu gün 400-dən çox ailə yeni mənzillərə köçəcəkdir. Onların həyatında yeni dövr, yeni mərhələ başlayır. Onlar bu gözəl, rahat həyata layiqdirlər. Əminəm ki, siz bu evlərdə rahat, xoşbəxt yaşayacaqsınız. Arzu edirəm ki, sizin bütün işləriniz uğurlu olsun, bütün ailə üzvləriniz sağ-salamat olsun. Bir daha sizə və bütün Azərbaycan xalqına Yeni ildə yeni uğurlar və cansağlığı arzulayıram.
Sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Qeyd edək ki, son illər Azərbaycanın iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində vacib tədbirlər həyata keçirilir. Ölkəmizin davamlı tərəqqisi sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Həmin kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi evlərin və çoxmənzilli binaların tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir. Sumqayıt şəhərində, Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində, həmçinin Gəncədə, Şəkidə və Şəmkirdə bu gün yeni binaların istifadəyə verilməsi onu göstərir ki, əlil və şəhid ailələrinə qayğı dövlətimizin başçısının daim diqqət mərkəzindədir.
1997-2007-ci illərdə 2 min 200-ə yaxın mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilmişdisə, son 5 ilə yaxın müddətdə bu rəqəm 5 minə çatdırılmışdır. Başqa sözlə, 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunmuş mənzillərin illik sayı 10 dəfəyə yaxın artmışdır. Hazırda hər il orta hesabla 700-dən çox mənzil inşa olunaraq, müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Əlil və şəhid ailələri üçün mənzillərin inşasında mövcud həcmin və müsbət dinamikanın qorunub saxlanması, nəticədə növbədə olan əlil və şəhid ailələrinin yeni müasir mənzillərlə təminatının tam başa çatdırılması ilə bağlı dövlətimizin başçısının tapşırıqları uğurla davam etdirilir. Yeni binaların çoxmərtəbəli olmasına üstünlük verilir.
Hazırda Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilir. Eyni zamanda, rayonlarda müharibə əlilləri üçün yaşadıqları məntəqələrdə həyətyanı sahəsi olan fərdi evlərin tikintisi də diqqətdə saxlanılır. İndiyədək 450-dən çox fərdi ev inşa olunaraq Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilmişdir. Paytaxtın Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində, Şəkidə və Şəmkirdə yeni yaşayış binaları tikilib istifadəyə verilmişdir. Bununla yanaşı, Qarabağ və Böyük Vətən müharibələri veteranlarının avtomobillərlə təmin edilməsi də diqqətdə saxlanılmışdır. İndiyədək avtomobil alan əlillərin sayı 3 min 525 nəfərdir.