Bəxtiyar Qaracadan, Bakı, Azərbaycan
23 iyul 2025, 19:20
Möhtərəm cənab Prezident.
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə məni “Əməkdar jurnalist” adına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı, ehtiramımı və təşəkkürümü bildirirəm.
Bu yüksək ada həm də ömrüm boyu qələmə, sözə və dövlətimə sədaqətlə xidmətimə verilən bir dəyər kimi baxıram. Vaxtilə indi Sizin sayənizdə azadlığını bayram edən Qarabağda orta məktəbdə oxuyarkən ağlıma da gəlməzdi ki, bir gün Ulu Öndərin tövsiyəsi ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alacağam və illər sonra Zati-alinizin imzası ilə bu fəxri ada layiq görüləcəyəm.
Bu diqqət və etimad mənim üçün həm şərəfdir, həm də məsuliyyət. Sizi bir daha əmin edirəm ki, gələcəkdə də Azərbaycan mətbuatının inkişafı, həqiqətin və gerçək sözün ucalığı üçün var gücümlə çalışacağam.
Uca Tanrı Sizi və ailənizi qorusun!
Azərbaycanımızın sabahı daim aydın, mətbuatımızın yolu beləcə azad və işıqlı olsun!
Dərin hörmətlə,
Bəxtiyar Qaraca
Əməkdar jurnalist
Azərbaycan Respublikası, Bakı şəhəri.