logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zaur Əliyevdən, Münster, Almaniya

Text size icon-size icon-size

22 iyul 2025, 18:07

Hörmətli cənab Prezident.

Avropa Azərbaycan Mərkəzinin üzvləri adından Sizə dərin hörmət və ehtiramımızı ifadə edirik. Üçüncü Şuşa Qlobal Media Forumunun Xankəndidə uğurla keçirilməsi və tədbirin dünya ictimaiyyətinin diqqətini Cənubi Qafqazdakı proseslərə cəlb etməsi, eləcə də regionun yenidən qurulmasının beynəlxalq gündəmə gətirilməsi böyük əhəmiyyət daşıyır. Belə bir beynəlxalq tədbirin işğaldan azad olunmuş ərazidə, Azərbaycanın suverenliyinin rəmzi olan Xankəndidə təşkili və Sizin iştirakınızla forum iştirakçıları ilə açıq və əhatəli fikir mübadiləsinin aparılması ölkəmizin gücünü, siyasi iradəsini və beynəlxalq hüquqa sadiqliyini bir daha nümayiş etdirdi. Sizin Forum zamanı Ukrayna nümayəndəsinin sualına verdiyiniz prinsipial cavab, xüsusilə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti və dönməz mövqeyinizi nümayiş etdirməyiniz, torpaqlarımızın bir qarışının belə güzəştə getmədən azad edilməsinin siyasi iradənin bariz nümunəsi olduğunu vurğulamağınız bizi çox qürurlandırdı. Biz bu prinsipial yanaşmanı dərin hörmətlə qeyd edir və fəxrlə dəstəkləyirik.

Forumda Sizin dünyaya ünvanladığınız mühüm mesajlar – ölkəmizin beynəlxalq diplomatik platformalarda dayanıqlı tərəfdaş kimi güclənməsi, Qərb–Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyması, regionda sülh və əməkdaşlıq təşəbbüslərinin möhkəmləndirilməsi kimi strateji fikirləriniz geniş rezonans doğurub. Avropada fəaliyyət göstərən ictimai təşkilat olaraq biz ölkəmizin tarixi, dili və mədəniyyəti ilə paralel olaraq siyasi mövqeyinin də beynəlxalq hüquq çərçivəsində düzgün təqdim olunmasına xüsusi diqqət yetiririk.

Son iki ildə 50-yə yaxın beynəlxalq təşkilata, o cümlədən Avropa Parlamentinə və Avropa Şurası Parlament Assambleyasına, Azərbaycanın maraqlarına zidd mövqe nümayiş etdirən dövlətlərə, parlamentlərə və ölkə rəhbərlərinə rəsmi bəyanatlar göndərmişik. Eyni zamanda, biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir, bu əlaqələr vasitəsilə fəaliyyətimizin təsir gücünü artırırıq. Belə mühüm beynəlxalq tədbirlərdə diaspor təşkilatlarının iştirakının təcrübə və bilik mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyinə inanırıq. Bu iştirak həm təşkilatımızın fəaliyyətinin peşəkarlığının və təsir imkanlarının artmasına, həm də ölkəmizin Avropada daha dolğun və effektiv şəkildə təbliğinə mühüm töhfə verə bilər. Eyni zamanda, belə tədbirlər beynəlxalq təşkilatlar və medialarla yeni əlaqələrin qurulması üçün də ölkəmizin siyasi və hüquqi maraqları baxımından əlavə imkanlar yaradır. Bu baxımdan, gələcəkdə təşkilatımızın belə yüksək səviyyəli tədbirlərdə iştirakına şərait yaradılmasını böyük məmnuniyyətlə və minnətdarlıqla qarşılayardıq.

Sizə və Azərbaycan dövlətinə yeni uğurlar, davamlı sülh və inkişaf arzulayır, beynəlxalq aləmdə mövqelərimizin daha da möhkəmlənməsində fəaliyyətinizə dəstəyimizi bir daha ifadə edirik.

Hörmətlə,

Əliyev Zaur,

Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü.

Almaniya Federativ Respublikası, Münster şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi