logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

21 dekabr 2012, 18:10

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, ölkənin bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanası, “Qusar-1” kiçik su elektrik stansiyası, turizm obyektləri və sosial yönümlü digər obyektlər istifadəyə verilmiş, ucqar kəndləri birləşdirən yollar yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Rayon ərazisində “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Qusar rayonu üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Qusar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi