Ağdərə rayonu Azərbaycanın Qarabağ bölgəsinin ərazisində yerləşən və strateji əhəmiyyətə malik olan bir rayondur. Tarixi qədim dövrlərə gedib çıxan rayon Azərbaycanın zəngin mədəni irsinin bir hissəsidir.
Ağdərə rayonu əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət və faydalı qazıntılarla zəngin olan ərazidə yerləşir. Rayon ərazisininin 44 faizini meşələr tutur. Əsas çayları Tərtərçay və Xaçınçaydır. Tərtərçay çayının üzərində 1976-cı ildə Sərsəng su qovşağı yaradılmışdır.
Ağdərə füsunkar təbiəti ilə yanaşı, tarixi memarlıq abidələri ilə zəngin Azərbaycan rayonlarından biridir. Tarix və mədəniyyət abidələrinə nümunə kimi Vəngli kəndində Gəncəsər Alban monastır kompleksini, Kolatağ kəndində Müqəddəs Yaqub monastırını (Böyük Arran monastırı), Qozlu kəndində Xatirəvəng monastırını, Talış kəndində Ürəkvəng monastırını, Suqovuşan kəndində Müqəddəs Yelisey monastır kompleksini, XV əsrə aid Hatəm Məlik, habelə Vəngli, Çardaqlı və Umudlu kəndlərinin ərazisində yerləşən qalaları göstərmək olar.
1993-cü il iyulun 7-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə rayonunda bir sıra yaşayış məntəqələri, sosial infrastruktur və tarixi memarlıq abidələri dağıdılmış və mənimsənilmişdir.
2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri qanunsuz silahlı birləşmələrindən təmizlənmişdir. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Məhz bu gün - 20 sentyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Ağdərə şəhəri günü kimi qeyd edilir.
İnzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq əvvəlki qaydada təşkil olunmuş, Suqovuşan kəndi yenidən rayonun tərkibinə verilmiş və mərkəz isə Ağdərə şəhəri olmuşdur.
Böyük Qayıdış çərçivəsində 2023-cü il martın 16-dan etibarən Ağdərə rayonuna keçmi məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.
Bugünədək dövlət başçısı tərəfindən Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun, Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının (SES) və Suqovuşan kəndində məscidin açılışı edilmiş, Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməli qoyulmuşdur.
Prezident İlham Əliyev Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edərək, yeni mənzillərə köçən kənd sakinlərinə evlərinin açarlarını təqdim etmişdir. Dövlət başçısı Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin yenidən qurulması çərçivəsində görülmüş genişmiqyaslı işlərlə tanış olmuş və həmin kəndlərinin sakinləri ilə görüşmüşdür.
İşğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edən Ağdərə rayonunun Canyataq kəndində yerləşən “Dəmirli” Filiz Emalı Kompleksi fəaliyyətə başlamışdır. “Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Kompleksdə ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunmuşdur.