logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Laçın

Text size icon-size icon-size

22 iyun 2025, 16:00

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

1923-cü ilədək Abdallar adlanan Laçın şəhəri 1930-cu ildə təsis edilmiş Laçın inzibati rayonunun mərkəzinə çevrilmişdir.

Laçın dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələrinə, zəngin mineral bulaqlarına və faydalı qazıntı yataqlarına malikdir. Rayonda yerləşən tarix, mədəniyyət və memarlıq abidələri, o cümlədən IX əsrə aid Ağoğlan məbədi, XI əsrə aid Dəmrovlu Pir Məbədi, XVII əsrə aid Kar Künbəz türbəsi, XV əsrə aid Uşaq qalası, Bayqara mağaraları, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edildikdən sonra dağıdılmış və özününküləşdirilmiş, bu ərazilərin zəngin təbii sərvətləri qanunsuz istismar olunaraq talan edilmişdir.

44 günlük Vətən müharibəsində əldə olunan Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılmışdır. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülmüşdür. Məhz bu gün - 26 avqust “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Laçın şəhəri günü kimi qeyd edilir.

Laçın şəhərinin və rayonunun dağıdılmış infrastrukturunun dirçəldilməsi məqsədilə Prezidentin xüsusi diqqəti nəticəsində intensiv olaraq bərpa işləri aparılır, yaşayış məntəqələri yenidən qurulur. 2023-cü il mayın 27-dən etibarən Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

Böyük Qayıdış çərçivəsində dövlət başçısı tərəfindən iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələrin tikildiyi, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkildiyi, qaz təchizatı təmin olunduğu Bəylik kəndinin açılışı edilmişdir. Prezident İlham Əliyev kəndə köçən sakinlərlə görüşərək, onlara evlərin açarlarını təqdim etmişdir.

Dövlət başçısı tərəfindən Laçında bir sıra baza və sosial infrastruktur obyektləri açılmışdır. Bu obyektlər arasında hava limanının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2025-ci il mayın 28-də açılışı edilmiş mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.

Dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bərpasına və regionda turizmin inkişafına göstərdiyi diqqət nəticəsində Laçın rayonunun dağ zirvəsində yerləşən və bölgənin turizm potensialını əks etdirən mühüm layihələrdən biri olan “Laçın” İstirahət Kompleksi açılmışdır.

Bununla yanaşı, bugünədək Laçın şəhərində modul tipli Laçın Mərkəzi Xəstəxanası, Laçın şəhər, Zabux kənd və Sus kənd tam orta məktəbləri, həkim məntəqəsi əhalinin istifadəsinə verilmiş, “Mişni”, “Alxaslı”, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları, “Aşağı Malıbəyli” və “Mirik” Su Elektrik stansiyaları, “Laçın” şəhər yarımstansiyası və Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi, müxtəlif qurumların inzibati binaları və bir sıra ictimai-iaşə obyektləri fəaliyyətə başlamışdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar işğal nəticəsində uzun illər ərzində sosial-iqtisadi cəhətdən inkişaf etməmiş bölgənin yenidən iqtisadi aktiv məkana çevrilməsinə və iqtisadi dövriyyəyə cəlb edilməsinə, bununla da əhalinin rifahının artmasına töhfə verəcək. Həyata keçirilən layihələr çərçivəsində Laçında “Həkəri Balıq Təsərrüfatı” və “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu işə başlamışdır.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi