Zəngilan
22 iyun 2025, 17:00
1930-cu il avqutun 8-də inzibati rayon kimi təşkil edilmiş Zəngilan Azərbaycanın cənub-qərb hissəsində yerləşən, həmçinin İran İslam Respublikası və Ermənistanla həmsərhəd olan mühüm bir ərazidir. Rayon tarixi, coğrafiyası, mədəniyyəti və iqtisadiyyatı ilə zəngindir.
Rayon ərazisinin özünəməxsus iqlimi və təbiəti vardır. Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn təbii çinar meşəsi sahəsinə görə dünyada ikinci, Avropada birinci olan dünyaşöhrətli füsunkar bir məkandır. Zəngin tarixi-mədəni irsə sahib Zəngilanın ərazisində bir çox qədim məbədlər, qalalar, yaşayış yerləri və digər arxeoloji abidələr mövcuddur. Bunların sırasında оrta əsr mеmarlığının ən qiymətli abidələrindən olan Şərifan və Yenikənd sərdabələri, Məmmədbəyli türbəsi, Zəngilan şəhər məscidi, Bartaz qız qalası mühüm əhəmiyyət kəsb edir.
1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisindəki onlarla mədəni və dini-tarixi abidə, yaşayış və inzibati binalar məhv edilmiş, yerli əhaliyə qarşı təcavüz olunmuş, on minlərlə insan məcburi köçkün düşmüşdür. İşğal dövründə digər işğal edilmiş ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da ekoloji terror törədilmişdir.
Zəngilan şəhəri Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində həmin il oktyabrın 20-də erməni işğalından azad edilmişdir. Məhz bu gün - 20 oktyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Zəngilan şəhəri günü kimi qeyd edilir.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında rahat və firavan yaşaması üçün bütün şərait yaradılır. 2022-ci il 19-25 iyul tarixindən etibarən Zəngilana keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.
Dövlət başçısı Zəngilan rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirir.
Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd”in, habelə Cahangirbəyli, Alıbəyli və Zəngilan kəndlərinin, Mincivan qəsəbəsinin, Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoymuşdur. Bununla yanaşı, dövlət başçısı tərəfindən Zəngilan şəhərində beş yaşayış və inzibati binanın, məktəbin, uşaq bağçasının, rayon mərkəzi xəstəxanasının, “Dost Aqropark”ın və Rəqəmsal Yarımstansiyanın təməli qoyulmuşdur.
Dövlət başçısı “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində, 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Cahangirbəyli”, “Zəngilan”, “Şayıflı” və “Sarıqışlaq” Su Elektrik stansiyalarının açılış, Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak etmişdir. Həmçinin dövlət başçısı Zəngilan Konqres Mərkəzi Kompleksinin, “Ağalı” hotelinin açılışını etmişdir. Bundan əlavə Prezident 2025-ci il oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışını həyata keçirmiş və kəndlərə geri qayıtmış sakinlərə mənzillərin açarlarını təqdim etmişdir.
İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurdakı tarix, din və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində qədim Zəngilan məscidi konservasiya olunmuş, yanında yeni məscid inşa edilmişdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidin açılış mərasimində iştirak etmişlər.