Zaur Əliyevdən, Münster, Almaniya


21 may 2025, 13:20
Möhtərəm cənab Prezident.
Mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirakınız, o cümlədən bu çərçivədə həyata keçirdiyiniz ikitərəfli və çoxtərəfli diplomatik fəaliyyət Avropada yaşayan azərbaycanlılar tərəfindən böyük maraq və diqqətlə izlənildi. Avropa Azərbaycan Mərkəzi olaraq bu mühüm səfərin bütün mərhələlərini yaxından izlədik. Nümayiş etdirdiyiniz prinsipial mövqe və yüksək siyasi təmsilçilik davranışınızı böyük ruh yüksəkliyi və dərin mənəvi həmrəyliklə qarşıladığımızı bildirmək istəyirik.
Sizin liderliyinizlə Azərbaycanın beynəlxalq platformalarda nümayiş etdirdiyi mövqe və milli maraqları qətiyyətlə müdafiə edən siyasət diaspor təşkilatı olaraq bizim fəaliyyətimizdə həm istiqamətverici amil, həm də dayanıqlı dəstək nöqtəsi kimi çıxış edir. Xarici siyasətinizin beynəlxalq hüququn fundamental prinsiplərinə – suveren bərabərlik, daxili işlərə qarışmama və dinc yanaşı yaşama prinsiplərinə əsaslanması ölkəmizin beynəlxalq münasibətlər sistemində sabit və etibarlı tərəfdaş kimi qəbul olunmasını şərtləndirir.
Coğrafi baxımdan nisbətən kiçik əraziyə malik olsa da, Azərbaycan bu gün Sizin uzaqgörən və prinsipial siyasətiniz sayəsində beynəlxalq hüququn predmetinə çevrilən bir sıra məsələlər üzrə müəyyənedici mövqe tutan, dialoq və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən nüfuzlu dövlət kimi tanınır. Azərbaycanın iştirakı olmadan regionda sabitlik və əməkdaşlıq perspektivləri real hesab edilmir.
Bu mövqenin formalaşması və qorunması üçün göstərdiyiniz qətiyyətə görə Sizə təşəkkürümüzü və sarsılmaz dəstəyimizi bildirir, beynəlxalq hüquqa əsaslanan, milli maraqlara söykənən fəaliyyətinizin bundan sonra da davam edəcəyinə əmin olduğumuzu vurğulayırıq.
Dərin ehtiramla,
Əliyev Zaur, Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü.
Almaniya Federativ Respublikası, Münster şəhəri.