Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


17 may 2025, 12:42
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli və “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 10 aprel tarixli 2095 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Dövlət qulluqçularının reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Dövlət orqanları və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə uyğun olaraq müvafiq publik hüquqi şəxslər struktur qurumlarında qulluq keçən dövlət qulluqçuları, stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər barəsində (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər istisna olmaqla):
4.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan məlumatların “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatına (bundan sonra – Reyestr) ötürülməsini və (və ya) daxil edilməsini altı ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər;
4.2. bu Fərmanın 4.1-ci bəndində nəzərdə tutulan məlumatların mütəmadi yenilənməsini təmin etsinlər.
5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
6. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi:
6.1. Reyestrin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görsün;
6.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Reyestrin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Reyestrin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.
7. “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 497 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2025-ci il