Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


29 aprel 2025, 16:07
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsil almasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini, eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 227 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adından “xarici ölkələrdəki” sözləri çıxarılsın;
3.2. 1-ci hissədən “Almaniya Federativ Respublikası,” və “Fransa Respublikası,” sözləri çıxarılsın;
3.3. 2-ci hissəyə “Təhsil Nazirliyinin” sözlərindən əvvəl “Elm və” sözləri əlavə edilsin;
3.4. 3-cü hissəyə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 aprel 2025-ci il