Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından, Bakı, Azərbaycan


25 aprel 2025, 18:54
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
İkinci Dünya müharibəsindəki Qələbənin 80-ci ildönümü münasibətilə müharibə iştirakçılarına və onların ailələrinə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm.
İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, habelə onların ailə üzvlərinə və döyüş bölgələrində fəaliyyət göstərmiş digər kateqoriyalara mənsub şəxslərə birdəfəlik maddi yardım ayrılması barədə Sizin 2025-ci il 24 aprel tarixli müvafiq Sərəncamınız dövlətimizin tarixi yaddaşına, milli dəyərlərə və qəhrəmanlıq salnaməsinə verdiyi yüksək qiymətin bariz nümunəsidir. Bu addım təkcə maddi dəstək xarakteri daşımır, eyni zamanda, o şərəfli illərdə Vətən yolunda can qoymuş igidlərimizin fədakarlığının heç zaman unudulmadığını sübut edir.
Sizin rəhbərliyinizlə dövlətimizin bu gün şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə göstərdiyi ardıcıl qayğı biz veteranları dərin minnətdarlıq hissi ilə qürurlandırır.
Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı əminik ki, bu diqqət və ehtiram gələcək nəsillərin də vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayacaq. Sizə və dövlətimizin gələcəyinə daim dəstək verməyə hazır olduğumuzu bir daha bəyan edirik.
Hörmətli cənab Prezident, bir daha Sizə təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, Azərbaycanımızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar və nailiyyətlər arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Xəlilov Cəlil,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.