İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbin kollektivi adından, İsmayıllı, Azərbaycan


25 aprel 2025, 16:40
Möhtərəm cənab Prezident!
İsmayıllı rayonunda aparılan abadlıq-quruculuq işləri, xüsusilə işğaldan azad olunmuş Qarabağımızın bərpası fonunda çox təqdirəlayiq və sevindirici hadisədir. Sizin inkişafyönümlü göstərişlərinizin həyata keçirilməsi bizim rayonda da hiss olunmaqdadır. Xüsusilə, Bahəddin Mirzəyev küçəsində və ona yaxın küçələrdə, eləcə də “Yuxarıbaş” adlanan ərazidə işıqlandırma sistemlərinin qurulması, asfalt örtüyünün çəkilməsi, optik internet sisteminə keçid və digər kommunikasiya problemlərinin həlli vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır.
Sizin müdrik rəhbərliyiniz altında, ölkəmizin hər bir bölgəsində olduğu kimi, İsmayıllı rayonunda da görülən işlər gələcək nəsillər üçün möhkəm təməl və ilham mənbəyidir.
Bu xeyirxah və savab işlərin həyata keçirilməsinə görə, ilk növbədə, Sizə, eləcə də bu prosesə zehni və fiziki əmək sərf edən hər bir şəxsə İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbin kollektivi adından dərin minnətdarlığımızı bildiririk. Uca Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə davamlı uğurlar arzu edirik.
Hörmətlə,
Abdulov Etibar
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.