Fikrət İbadovdan, Astara, Azərbaycan


24 fevral 2025, 12:19
Möhtərəm cənab Prezident.
Sizi fevralın 18-19-da işğaldan azad olunmuş Qarabağ torpaqlarına – Xankəndi, Ağdam, Xocalı və Ballıcaya etdiyiniz tarixi səfər münasibətilə dərin ehtiramla salamlayırıq. Bu səfərləriniz Vətənimizin bərpası, yenidən qurulması və xalqımızın işıqlı gələcəyinin təmin olunması istiqamətində atılan mühüm addımlardır.
Qarabağ torpaqlarında həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, yeni açılışlar və infrastruktur layihələri xalqımıza, xüsusilə də uzun illər boyu doğma yurd həsrəti çəkən soydaşlarımıza böyük sevinc, qürur və ümid bəxş edir. Sizin hər səfəriniz Qarabağın dirçəlişinə yeni nəfəs verir, bu torpaqlara həyat, işıq və inkişaf gətirir. Uzaqgörən siyasətiniz və dəmir iradəniz sayəsində Qarabağ yalnız şanlı keçmişimizin deyil, həm də Azərbaycanın parlaq gələcəyinin rəmzinə çevrilir.
Xocalı soyqırımının ildönümü ərəfəsində Xocalıya səfər etməyiniz, o müqəddəs torpağa ayaq basmağınız xalqımız üçün dərin rəmzi məna daşıyır. Bu, şəhidlərimizin əziz ruhuna göstərdiyiniz ehtiramın və haqq-ədalət uğrunda yorulmaz mübarizənizin növbəti təzahürüdür. Məhz onların qanı bahasına azad olunmuş torpaqlarımızda bu gün həyat canlanır, üçrəngli bayrağımız qürurla dalğalanır.
Sizin fədakar və yorulmaz fəaliyyətiniz, bu müqəddəs missiyada birinci xanım Mehriban Əliyevanın dəstəyi və birgə səyləriniz sayəsində Qarabağda quruculuq işləri misilsiz sürətlə davam edir. Bu inkişaf təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının, haqq-ədalətin və tarixi ədalətin qələbəsinin bariz nümunəsidir.
Uca Tanrı Sizi və ailənizi qorusun, dövlətimiz daim qüdrətli, Azərbaycanımız əbədi müstəqil və çiçəklənən olsun.
Dərin hörmətlə,
İbadov Fikrət Asəf oğlu.
Azərbaycan Respublikası, Astara rayonu, Şahağac kəndi.