Robert Mobilidən, Qəbələ, Azərbaycan
17 yanvar 2025, 19:34
Möhtərəm cənab Prezident.
Zati-alinizin Sərəncamı ilə ölkəmizdəki dini qurumlara, o cümlədən Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına maliyyə yardımı göstərilməsinə görə icma üzvləri adından Sizə sonsuz təşəkkürümüzü bildirir, doğma Azərbaycanımızın tərəqqisi və firavan günlərə qovuşması naminə həyata keçirdiyiniz möhtəşəm işlərdə böyük uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayırıq.
Bu gün Azərbaycan Sizin bacarıqlı və fədakar rəhbərliyiniz altında Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla və sürətlə irəliləyir, ölkəmizin xoşbəxt gələcəyinin təməli daha da möhkəmlənir. Sizin apardığınız siyasətin uğurunu təmin edən ən önəmli cəhət Ümummilli Liderimizin alternativsiz siyasi xəttinə sonsuz sədaqətiniz və Azərbaycan xalqının – ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin mənsublarının inam və etimadını qazanmağınız, xalqa arxalanmağınızdır.
Müasir Azərbaycan təkcə iqtisadi inkişafına və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və tolerantlığın səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövlətidir. Çünki ölkədə dini etiqad azadlığının və tolerantlıq prinsiplərinin təmin olunması, eyni zamanda, milli-mənəvi dəyərlərimizin və müxtəlif konfessiyalara məxsus tarixi-dini abidələrimizin qorunması Sizin xüsusi diqqət mərkəzinizdədir.
Siz hər bir azərbaycanlının Prezidenti kimi dini, milli mənsubiyyətinə fərq qoymadan bütün ölkə vətəndaşlarının din və vicdan azadlığının etibarlı təminatçısısınız. Bu gün Zati-alinizin rəhbərliyi altında Azərbaycan Hökuməti, eyni zamanda, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin və dini abidələrimizin himayəçisi kimi böyük tarixə malik məscid və ziyarətgahların, eləcə də kilsə və sinaqoqların bərpası sahəsində ardıcıl tədbirlər həyata keçirir. Məhz bunun nəticəsində icmamızın Qəbələnin Nic qəsəbəsində yerləşən və Qafqaz Albaniyası mədəni irsinin nümunələrindən olan Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilmiş və istifadəyə verilmişdir.
Bütün bunlar dini qurumların cəmiyyətin həyatında daha fəal iştirakı üçün əsaslı zəmin və imkan yaratmışdır. İcmamızın nümayəndələri bu həqiqətləri daima xüsusi ehtiram, minnətdarlıqla vurğulayır və yüksək dəyərləndirir. Zati-aliləriniz əmin ola bilər ki, dövlət tərəfindən göstərilən bu qayğı və ehtiramın qarşılığında doğma Vətənimizin tərəqqisi naminə Sizin ətrafınızda bundan sonra da sıx birləşəcəyik.
Möhtərəm Prezident, Sizə bir daha Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına maliyyə yardımı göstərilməsinə görə təşəkkürümüzü bildiririk. Zati-alilərinizə Azərbaycanın xoşbəxt gələcəyi naminə dəyərli fəaliyyətinizdə bundan sonra da yeni-yeni uğurlar arzulayırıq.
Tanrı Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Robert Mobili, Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri.
Azərbaycan Respublikası, Qəbələ rayonu.