Natali Rəcəblidən, Bakı, Azərbaycan
29 dekabr 2024, 17:10
Çox hörmətli cənab Prezident!
Azərbaycanda doğulan, boya-başa çatan və ömrünü idmana həsr edən bir şəxs kimi idmançılara göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edirəm.
2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında iştirakım, London-2012 Paralimpiya Oyunlarında qızıl medal, dörd gümüş medal qazanmağım və dünya rekorduna nail olmağım çəkdiyim zəhmətlə yanaşı, göstərilən diqqət və qayğının da nəticəsidir. Bu nailiyyətlər mənim üçün təkcə fəxr deyil, həm də ölkəmə xidmət rəmzidir. Vətən bayrağı qaldırılanda, hər sözü qürurla oxunan himn səslənəndə idmançının keçirdiyi hissləri sözlə çatdırmaq mümkün deyil.
Yüksək idman nailiyyətlərinə görə Sizin tərəfinizdən “Şöhrət” ordeni ilə təltif olunmuşam. Əməyimə verilən bu yüksək qiymətə və idmançılara xüsusi münasibətinizə, bizi daha böyük qələbələrə ruhlandıran dəstəyə görə hər zaman Sizə səmimi-qəlbdən minnətdaram.
Ümummilli Liderimizin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirməyiniz Azərbaycanı digər ölkələrə nümunə olan idman dövlətinə çevirdi. Məhz Sizin rəhbərliyiniz sayəsində ölkəmizdə idman tədbirlərinə ictimai hadisə kimi böyük önəm verilir.
Əminəm ki, siyasət olimpiya oyunları proqramına daxil edilsəydi, Siz, şübhəsiz, qızıl medal qazanardınız. Sizin uzaqgörən liderliyiniz və Azərbaycanın inkişafı naminə göstərdiyiniz qətiyyət hamımızı ruhlandırır. Qoy Sizin bilik, təcrübə və müdrikliyiniz ölkəmizi tərəqqiyə aparsın və hamımıza parlaq gələcək bəxş etsin.
Hörmətli cənab Prezident, bütün qəlbimlə Sizə möhkəm cansağlığı, tükənməz enerji və səbir arzulayıram. Bir dövlət başçısı kimi yolunuz Vətənimizə firavanlıq, birlik və firavanlıq gətirsin.
Hörmətlə,
Rəcəbli (Pronina) Natali
Azərbaycan Respublikası, Bakı şəhəri.