Azərbaycan Biznesinin İnkişafı Fondunun NİZAMNAMƏSİ
23 dekabr 2024, 16:46
Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 23 dekabr tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Biznesinin İnkişafı Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasında iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına (bundan sonra – müvafiq sahə) maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir.
1.2. Fond Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.
1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.4. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.6. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.7. Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir.
1.8. Fondun rəsmi adı aşağıdakı kimidir:
1.8.1. tam halda – Azərbaycan Biznesinin İnkişafı Fondu, qısaldılmış halda – ABİF;
1.8.2. ingilis dilində tam halda – Azerbaijan Business Development Fund, qısaldılmış halda – ABDF.
1.9. Fond Bakı şəhərində yerləşir.
2. Fondun fəaliyyət istiqamətləri
2.1. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
2.1.2. müvəkkil təşkilatlar vasitəsilə və investisiya qoyuluşu formasında Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək;
2.1.3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək;
2.1.4. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin hazırlanmasında iştirak etmək;
2.1.5. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Fondun vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Fondun vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri çərçivəsində Fondun Müşahidə Şurasının müəyyən etdiyi prioritet sahələr, o cümlədən qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə maliyyələşdirmə və ya təminat mexanizmləri vasitəsilə dəstək göstərmək;
3.1.3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək;
3.1.4. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci, 8.1.2-ci və 8.1.5-ci maddələrində nəzərdə tutulmuş formalarda ölkə daxilində, eləcə də ölkə xaricində yerli biznesin inkişafı ilə əlaqəli olan layihələrə investisiya qoyuluşunu həyata keçirmək;
3.1.5. Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək;
3.1.6. Fondun maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə tədbirlər görmək;
3.1.7. Fondun fəaliyyət istiqamətləri üzrə riskləri müəyyənləşdirmək, qiymətləndirmək və idarə etmək, habelə bu sahədə həyata keçirilən siyasətin optimallaşdırılması istiqamətində müvafiq tədbirlər görmək;
3.1.8. fəaliyyət istiqamətləri üzrə ayrılmış vəsaitdən təyinatına uyğun istifadə olunmasına nəzarət etmək üçün müvəkkil təşkilatlar vasitəsilə və müstəqil surətdə monitorinqlər aparmaq, bu vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə müvafiq tədbirlər görmək;
3.1.9. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Fondun səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.10. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.11. Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.12. müvafiq sahədə təşviqat işlərini təşkil etmək;
3.1.13. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.14. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Fond əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet səhifəsinin yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin səhifədə yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.16. Fonda ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
3.1.17. dövlət və kommersiya sirrinin, habelə qanunla qorunan digər məlumatların məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.18. Fondun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.19. Fondun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.20. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.21. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Fondun aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.3. Fonda maliyyə vəsaitinin cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq, təkliflər vermək, normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla əqdlər bağlamaq;
3.2.4. qiymətli kağızlar (istiqraz, investisiya fond payı və s.) almaq;
3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.6. qabaqcıl beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.7. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.9. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, habelə müvəkkil təşkilatlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.10. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.11. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.12. Nazirliyin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.13. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Fondun idarə olunması
4.1. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Fondun idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
4.3. Fondun Müşahidə Şurası (bundan sonra – Şura) Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.4. Şura sədr də daxil olmaqla, 5 (beş) üzvdən ibarət tərkibdə təşkil edilir.
4.5. Şuranın 2 (iki) üzvünü Nazirlik, 3 (üç) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nümayəndə olmaqla) təyin edirlər:
4.5.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı;
4.5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
4.5.3. Azərbaycan Respublikasının Dövlət Neft Fondu.
4.6. Şuranın sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
4.7. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.8. Şura səlahiyyətləri çərçivəsində qərar qəbul etməkdə müstəqildir (bu Nizamnamənin 4.9.11-ci yarımbəndi və 5.3-cü bəndi nəzərə alınmaqla).
4.9. Şuranın vəzifələri aşağıdakılardır:
4.9.1. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Fondun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.9.2. Fonda təqdim edilən investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını təsdiq etmək;
4.9.3. Fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadiyyatın müəyyən edilmiş prioritet sahələri üzrə istiqamətləri müəyyənləşdirmək;
4.9.4. müvəkkil təşkilatların seçilməsi meyarlarını təsdiq etmək;
4.9.5. Fond ilə müvəkkil təşkilatlar arasında bağlanılan müqavilələrin nümunəvi formalarını təsdiq etmək;
4.9.6. müvəkkil təşkilatlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə limitlərin müəyyən edilməsi qaydasını təsdiq etmək;
4.9.7. sahibkarlıq subyektlərində monitorinq aparılması qaydasını təsdiq etmək;
4.9.8. Fondun dəstək mexanizmləri ilə bağlı müraciətlər üzrə ekspertizanın keçirilməsi qaydasını təsdiq etmək;
4.9.9. Fondun inkişaf istiqamətlərinə dair Nazirliyə təkliflər vermək, strateji məqsəd və planlarını müəyyən etmək;
4.9.10. Fondun fəaliyyətinə nəzarət etmək;
4.9.11. Fondun strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin, onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin, o cümlədən Fondun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;
4.9.12. Şura üzvlərinin və İdarə Heyətinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.9.13. Fondun fəaliyyətinə dair illik hesabatı dinləmək və Nazirliyə təqdim etmək;
4.9.14. Nazirliklə razılaşdırmaqla, Fondun maliyyə planlaşdırmasını təsdiq etmək;
4.9.15. İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
4.9.16. Fondun audit hesabatını qəbul etmək;
4.9.17. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.9.18. Nazirliyin razılığı ilə Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;
4.9.19. Fondun fəaliyyət göstərən və ya yeni təsis edilən kommersiya təşkilatlarının nizamnamə kapitalına investisiya qoyuluşunun müddətini müəyyən etmək;
4.9.20. Nazirliyin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.9.21. Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.9.22. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
4.9.23. daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək.
4.10. Şuranın sədri rübdə azı bir dəfə Şuranın iclasını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İdarə Heyətinin sədri çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.11. Şuranın üzvlərinə, habelə İdarə Heyətinin sədrinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.12. Şuranın iclasında İdarə Heyətinin sədri də iştirak edə bilər.
4.13. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.14. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.15. Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şuranın üzvləri sırasından sədrin müəyyən etdiyi şəxs icra edir.
4.16. Şuranın sədri:
4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və İdarə Heyəti üzvlərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik edir;
4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.17. Şuranın üzvləri:
4.17.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.17.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.17.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.17.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.17.5. Şuranın qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.18. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktlarından irəli gələn digər tələbləri yerinə yetirməlidirlər.
4.19. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İdarə Heyətinin sədrinə göndərir.
4.20. Şuranın katibini Şuranın sədri Şura üzvü olmayan əməkdaşlar sırasından təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
4.21. Şuranın katibi:
4.21.1. Şuranın iclaslarını təşkil edir;
4.21.2. bu Nizamnamənin 4.11-ci bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;
4.21.3. Şuranın iclas protokollarını tərtib edir və imzalanması üçün Şura üzvlərinə təqdim edir;
4.21.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılma və imzalanması üçün Şuranın sədrinə təqdim edir;
4.21.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
4.22. İdarə Heyəti Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirir.
4.23. İdarə Heyəti 5 (beş) üzvdən – Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin dörd müavinindən ibarətdir.
4.24. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.
4.25. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.25.1. Fondun fəaliyyətini təşkil edir;
4.25.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;
4.25.3. Şuranın qərarlarını icra edir;
4.25.4. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
4.25.5. Fondun strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;
4.25.6. bu Nizamanmənin 3.1.16-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
4.25.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;
4.25.8. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;
4.25.9. Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.
4.26. İdarə Heyətinin sədri rübdə bir dəfədən az olmayaraq, İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü və ya Şura çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. İdarə Heyətinin iclasına münasibətdə bu Nizamnamənin 4.11-ci, 4.13-cü və 4.14-cü bəndlərində nəzərdə tutulmuş müddəalar tətbiq edilir.
4.27. İdarə Heyətinin sədri:
4.27.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.27.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.27.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.27.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.27.5. Fondun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.27.6. Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.27.7. özünün və Fondun struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.27.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Fondun Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
4.27.9. Fond işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.27.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fond işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi barədə qərarlar qəbul edir;
4.27.11. Fondun əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.27.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.27.13. Fondun fəaliyyət istiqamətləri ilə bağlı komitələr, məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.27.14. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.27.15. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.27.16. Fondda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
4.28. İdarə Heyətinin üzvləri:
4.28.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.28.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.28.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.28.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.28.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.29. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. Fondun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Fondun nizamnamə fondunun məbləği 1.180.929.648,0 (bir milyard bir yüz səksən milyon doqquz yüz iyirmi doqquz min altı yüz qırx səkkiz) manatdır.
5.2. Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. Fond öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək, fəaliyyət istiqamətləri üzrə yerləşdirilmiş vəsaitlərdən əlavə Fondun hesablarında qalan sərbəst vəsaitləri depozit, digər maliyyə aktivlərinə və qiymətli kağızlar alınmasına yönəltmək hüququna malikdir.
5.5. Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
5.6. Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.
6. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Fondun fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Şura və İdarə Heyəti həyata keçirirlər.
6.2. Fondun fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
7. Fondda uçot və hesabat
7.1. Fondun milli valyutada pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankında açılan bank hesablarında saxlanıla bilər.
7.2. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.3. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.4. Fond idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.5. Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. Eyni kənar auditorla ardıcıl 3 ildən artıq müddətə müqavilə bağlanıla bilməz.
8. Fondun ləğvi və yenidən təşkili
Fondun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.