Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən
23 dekabr 2024, 13:57
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Türk dünyasının fəxri və qalib sərkərdəsi.
Sizi doğum gününüz münasibətilə Türk Dünyası Mediatorlar Birliyi adından səmimi-qəlbdən təbrik edirəm. Türkdilli dövlətlərin mediasiya birlikləri və mediatorları adından Sizə, ailə üzvlərinizə uzun ömür, cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.
Cənab Prezident, Sizin Azərbaycan Respublikasında bütün istiqamətlərdə apardığınız islahatlar, o cümlədən mediasiya islahatları nəinki ölkə daxilində, eyni zamanda dünya miqyasında və türkdilli dövlətlərdə də müsbət əks-səda doğurur və öyrənilir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasındakı tarixi imzanız təkcə Türk dünyasının deyil, bütün dünyanın tarixinə qızıl hərflərlə yazılıb.
Sizin barənizdə ən xoş sözləri, ən yüksək fikirləri cümlələrlə ifadə etməkdə çox çətinlik çəkirik. Sizinlə, gördüyünüz işlərlə qürur duyuruq. Dünya səviyyəsində qəbul olunan liderlərdən biri kimi hər zaman Sizin izinizlə, getdiyiniz yolla addımlamaq bizim üçün böyük şərəf və iftixardır.
Gördüyünüz işlər sayəsində Azərbaycan beynəlxalq mərkəzə çevrilir. Biz hər zaman Azərbaycanımızı Türk dünyasının əsas mərkəzlərindən biri kimi görmüşük. Məhz bu səbəbdən Türk Dünyası Mediatorlar Birliyinin 2024-cü il
28 noyabr-3 dekabr tarixlərində Ankara şəhərində keçirilən Beynəlxalq Qurultayında 2025-ci ildə türkdilli dövlətlərin mediatorlarının Beynəlxalq Qurultayının Azərbaycanda keçirilməsi qərara alınmışdır. Qurultay çərçivəsində 10 ölkəni təmsil edən 400 mediatorun iştirakı ilə Azərbaycan Respublikasının Mediasiya Şurası ilə birlikdə təşkil etdiyimiz Qarabağ Gecəsinin açılışı Sizin sözlərinizlə başlamış və rəhbərliyinizlə işğaldan azad edilmiş ərazilər uğrunda şəhid olan qardaşlarımızın, eyni zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmiş, Ulu Öndərin müdrik fikirləri ekranda səsləndirilmişdir. Həmçinin Ümummilli Lider Heydər Əliyevin Ankara şəhərində adını daşıyan parkda ucaldılmış abidəsi qurultay iştirakçıları tərəfindən ziyarət edilmiş, xatirəsi hörmət və ehtiramla anılmışdır.
Bunları qeyd etməkdə məqsədim odur ki, biz Türk dünyasının liderlərindən olan Heydər Əliyevin xatirəsini hər zaman uca tuturuq, Azərbaycan, Türk dünyası, bütün dünya üçün gördüyü tarixi işlərə görə onun xatirəsini hörmət və ehtiramla anırıq. Bu isə bizim keçmişimizə, dahi şəxsiyyətlərimizə dəyər verməyimizin bariz nümunəsidir. Biz Ümummilli Lider Heydər Əliyevin xatirəsini bütün türkdilli dövlətlərə səfərlərimiz zamanı böyük hörmət və ehtiramla anmaqla tariximizə sədaqətimizi hər zaman göstərmişik.
Sizi əmin etmək istəyirəm ki, biz hər zaman Sizin tutduğunuz yola, apardığınız siyasətə uyğun olaraq fəaliyyətimizi davam etdirəcəyik. Siz Azərbaycanda yüzlərlə ilklərin müəllifisiniz. Məhz Sizin təşəbbüsünüzlə hazırlanan və imzaladığınız Azərbaycan Respublikasının "Mediasiya haqqında" Qanunu və bu Qanundan irəli gələrək ölkədə aparılan islahatlar çərçivəsində mediasiya institutunun inkişafı, Azərbaycan mediasiyasının beynəlxalq aləmdə örnək kimi qəbul olunması bizi qürurlandırır.
Cənab Prezident, biz Sizinlə fəxr edirik.
Allah Sizi, ailənizi və Azərbaycan xalqını qorusun!
Dərin hörmət və ehtiramla,
Yakup Erikel
Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri