“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
16 dekabr 2024, 17:15
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-3-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 93-3-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 96-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur;
1.4. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.21-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 744 (Cild I); 2024, № 5 (I kitab), maddə 519) 7‑ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 7.1-ci bənddə birinci halda “altıncı” sözü “dördüncü” sözü ilə əvəz edilsin və həmin bənddən “onuncu hissəsinin ikinci–dördüncü, altıncı və yeddinci abzaslarında,” sözləri çıxarılsın;
3.2. aşağıdakı məzmunda 7.1-1-ci bənd əlavə edilsin:
“7.1-1. həmin Qanunun 93-3-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;
3.3. 7.9-cu bəndə “birinci cümləsində” sözlərindən sonra “və 96-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində” sözləri əlavə edilsin.
4. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 17 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.5-ci bənddə “və Hakimlərin Seçki” sözləri “, Hakimlərin Seçki Komitəsinin və Hakimlərin Qiymətləndirilməsi” sözləri ilə əvəz edilsin;
4.2. 2-ci hissə üzrə:
4.2.1. 2.2-ci bənddən “, 13.3-cü” sözləri çıxarılsın;
4.2.2. aşağıdakı məzmunda 2.3‑1‑ci bənd əlavə edilsin:
“2.3-1. həmin Qanunun 12.0.21-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2024-cü il