İlham Əliyev Nigeriyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
30 noyabr 2012, 17:15
Prezident İlham Əliyev Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alhaji Tukur Maninin etimadnaməsini qəbul etmişdir.
Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Alhaji Tukur Mani etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Azərbaycan ilə Nigeriya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığı daha da gücləndirməyin zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev Seulda keçirilən nüvə sammitində Nigeriya Prezidenti ilə görüşünü məmnunluqla xatırladı. Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edən dövlətimizin başçısı bu dəstəyin qarşıdakı illərdə də davam edəcəyinə əminliyini bildirdi.
Fövqəladə və səlahiyyətli səfir Alhaji Tukur Mani Nigeriya Prezidenti Qudlak Conatanın salamlarını dövlətimizin başçısına çatdırdı. İkitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayan səfir bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.
Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, enerji, ticarət, təhsil və digər sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Prezident Qudlak Conatanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Nigeriya dövlətinin başçısına çatdırmağı xahiş etdi.