Asif Əsgərovdan, Bakı, Azərbaycan
28 noyabr 2024, 15:40
Möhtərəm cənab Prezident!
İcazə verin Sizi - Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasını uğurla gerçəkliyə çevirən, yeni dövrün - qloballaşan dünyanın böyük dövlət xadimini, müdrik, qətiyyətli və cəsarətli siyasətçini - Bakıda noyabrın 11-də öz işinə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) uğurla başa çatması münasibətilə səmimi-qəlbdən təbrik etməkdən şərəf duyum.
COP29-un böyük uğurla təşkili və keçirilməsi, Sizin bu tədbirdə parlaq çıxışlarınız ölkəmizin başını daha da ucaltdı. Bu mötəbər tədbir dünya ictimaiyyətinin nəzərini iqlim dəyişikliklərinin yaratdığı fəsad və problemlərə yönəltməklə yanaşı, Azərbaycanın beynəlxalq uğuru kimi tarixə düşdü. Eyni zamanda, bu tədbir antiazərbaycançı dairələr üzərində respublikamızın növbəti qələbəsi oldu.
Sizin COP29 Liderlər Sammitindəki çıxışınız zamanı Azərbaycanın qlobal iqlim dəyişikliyi mövzusundakı prinsipial mövqeyiniz və qlobal əməkdaşlıq çağırışları vurğulanan ən əhəmiyyətli faktorlardan biridir.
Cənab Prezident, müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Bu gün Azərbaycan dünya siyasətində də əsas tarazlıq nöqtələrindən biridir. COP29-a ev sahibliyi Azərbaycanın qlobal ekoloji problemlərin müzakirəsi və həllində oynadığı fəal rolu göstərir.
Keçirilən tədbirin böyük uğuru Azərbaycan Respublikasının intellektual və siyasi bacarıqlarını, texniki və logistik imkanlarını hər kəsə göstərdi və dünyanı heyran etdi.
COP29 Liderlər Sammitində Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə təşəbbüslər və yaşıl enerji sahəsində atılan konkret addımlar təqdim edilərək, bunun ölkənin enerji balansını tənzimləmək və ekoloji tarazlığa nail olmaq üçün atılan strateji addımların bir hissəsi olduğu bütün dünyaya çatdırıldı.
COP29-a sədrliyi dövründə Azərbaycana qarşı aparılan “qara piar” kampaniyalar ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bir sıra Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var. Bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!" bəyanatınız böyük coşqu və alqışla qarşılandı.
Sizin bu bəyanatınız beynəlxalq iqlim tədbirlərinin siyasi tərəflərinə işıq salır və Azərbaycanın həmin sahədə üzləşdiyi maneələrə qarşı mövqeyini göstərir.
COP29-un əhəmiyyətini azaltmağa çalışan dairələrə cavab olaraq Azərbaycanın qəti mövqeyini əks etdirən bu çıxışınızla Bakıdakı bu mötəbər tədbirə qarşı bir ildən çox müddətdə boykot kampaniyasını təşviq edən müəyyən qüvvələrin uğursuzluğa düçar olduğunu vurğuladınız. Bu çıxış eyni zamanda beynəlxalq münasibətlərdə ədalətli və obyektiv yanaşmaların vacibliyi deməkdir.
İqlim dəyişikliyi kimi qlobal problemlərin həllində bütün ölkələrin, o cümlədən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, ədalətli və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa ehtiyacı var. Bu çağırış Azərbaycanın səmərəli və inklüziv iqlim tədbirlərinə sadiqliyini bir daha nümayiş etdirir və digər ölkələri də eyni yanaşmanı izləməyə çağırır.
Sizin siyasətiniz, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq təminat yaradır.
Sizinlə bərabər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xoşbəxt gələcəyimizə ünvanlanmış misilsiz töhfələri ilə əldə olunan uğurlar hər birimizi hədsiz sevindirir və qürurlandırır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mükəmməl təşkilinə və keçirilməsinə, mühüm qərarların qəbulunda əldə olunmuş uğurlara görə Sizi ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi və daha da qüdrətlənməsi, xalqımızın daha da firavan yaşaması üçün əzmkarlıqla həyata keçirdiyiniz amallara görə Sizə böyük ehtiramımı çatdırmaqdan şərəf duyuram.
Hörmətlə,
Asif Əsgərov, Milli Məclisinin deputatı.
Azərbaycan Respublikası, Bakı şəhəri.